Vuçiç və ailəsinə qarşı sui-qəsd planlanırmış - İki nəfər tutuldu

vucic-ve-ailesine-qarsi-sui-qesd-planlanirmis
Oxunma sayı: 632

Serbiyanın Kralevo şəhərində Prezident Aleksandr Vuçiçə, onun həyat yoldaşı və övladlarına qarşı sui-qəsd planlaşdırmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları Təhlükəsizlik və İnformasiya Agentliyi ilə birgə əməliyyat nəticəsində Kralevo sakinləri – 1975-ci il təvəllüdlü D.R. və 1983-cü il təvəllüdlü M.R.-ni həbs ediblər.

Onlar dövlət quruluşuna və təhlükəsizliyinə qarşı cinayət törətməkdə şübhəli bilinirlər.

İstintaq materiallarına əsasən, şübhəlilər 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək hakimiyyətin zorakılıqla dəyişdirilməsini və ali dövlət hakimiyyətinin devrilməsini planlaşdırıblar.

Bildirilir ki, onlar silah əldə etmək, prezidentə və ailəsinə hücum etmək, həmçinin, Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı zorakı əməllər törətmək barədə razılığa gəliblər.

Saxlanılan şəxslər 48 saat müddətinə həbs olunub və bu müddətdən sonra Kralevodakı Ali Prokurorluğa təhvil veriləcəklər.