“Xəzər Lənkəran”ın futbolçuları qovulur - - Siyahı+Yenilənib

xezer-lenkeranin-futbolculari-qovulur-
Oxunma sayı: 3515




“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu “Qafqazinfo”ya açıqlamasında Con Toşakın klubu tərk etməsi barədə yayılan xəbərləri təkzib edib: “Acı nəticəyə görə hamımız üzgünük. Amma ortada bəsit bir məntiq var. Eyni komanda bir həftə öncə rəqibinə səfər meydanında 0-2 məğlub olur, 4 real qol vəziyyəti yaradır, amma gəlib evində doğma azarkeşləri önündə belə böyük hesabla məğlub olur. Demək ki, hansısa futbolçular 2 il öncə Mirça Rednikin başına gətirdiklərini bu gün təkrarlamaq istəyirlər. Amma bu olmayacaq.Con Toşak vəzifəsini icra etməkdə davam edir. Səhər məşqinə də komandanı o çıxarıb” 

H. Cəbrayıloğlu komandadan uzaqlaşdırılan futbolçuların adlarına da aydınlıq gətirib: “Bu dəfə günahkar olan futbolçular gedəcəklər. Onu da deyim ki,səhər məşqindən sonra artıq 2 futbolçu komandadan uzaqlaşdırılıb. Bunlar Eder Bonfim ve qapıçı Toni Doblasdır. Bu siyahı uzana da bilər. Burda başqa səbəb ola bilməz. Matçdan öncə futbolculara ilk mərhələni keçdikləri üçün ayrılan pul mükafatı da verilib. Üstəlik mükafatın məbləği kifayət qədər böyük idi”.

Qeyd edək ki, artıq klubun rəsmi saytında da futbolçuların qovulması ilə bağlı məlumat yayılıb:

“UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi”(Hayfa) ilə cavab qarşılaşmasında qeydə alınan böyük hesablı məğlubiyyət sonrası “Xəzər Lənkəran” klubu rəhbərliyi baş məşqçi Con Toşakla matçdan dərhal sonra görüşərək çalışdırıcının hesabatını dinləyib. Komandamızın bir həftə öncə səfər meydanında 0-2 hesabı ilə məğlub olduğu rəqibə doğma azarkeşlərimizin qarşısında böyük hesabla məğlub olması bəzi futbolçuların peşəkar futbolçuya yaraşmayan şəkildə meydanda mübarizə aparması, klub daxili ab-havanı pozduqları müəyyən olunub. Bunu əsas götürən “Xəzər Lənkəran” klubu bu gün iki futbolçunu əsas komandadan göndərib. Belə ki, braziliyalı müdafiəçi Eder Bonfim və ispaniyalı qapıçı Toni Doblas əsas komandadan uzaqlaşdırılıb. Əlavə olaraq qeyd edək ki, göndəriləcək digər futbolçular barədə də ictimaiyyətə məlumat veriləcək”.

***
“Xəzər Lənkəran” klubu daha iki futbolçunu da əsas komandadan uzaqlaşdırıb. Belə ki, Eder Bonfim və Toni Doblasdan sonra Adrian Pit və Marin Orsuliçdə əsas komandadan kənarlaşdırılıb. Adıçəkilən oyunçular peşəkar futbolçuya yaraşmayan hərəkətləri və komanda daxilində ab-havanı pozduqları üçün onlar haqqında mövcud qərar verilib.