Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin qalıqları tapıldı - Yenilənib

xezerde-6-il-evvel-itkin-dusen-neftcinin-qaliqlari-tapildi
Oxunma sayı: 6017

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib. Meyit ölən neftçilərdən birinə - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərova məxsusdur.

Bu barədə “Qafqazinfo”ya neftçinin oğlu Bəhruz Cəfərov məlumat verib. 

Xatırladaq ki, dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, "Günəşli" yatağında baş verən faciə də eyni vaxta təsadüf edir.

***

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, məsələ ilə bağlı Su Nəqliyyatında Polis İdarəsi ilə daim əlaqədədirlər:

“Bizə verilən son məlumata görə bu qalıqların 2015-ci ildə itkin düşmüş Bəhmən Cəfərova aid olduğu ehtimal olunur və buna görə onun oğlu da ekspertizaya cəlb olunub. Lakin ekspertizanın nəticəsi hələ müəyyən olunmayıb”.