“Söyün Sadıqov sonradan peşman olub haqq yoluna qayıtdı”

soyun-sadiqov-sonradan-pesman-olub-haqq-yoluna-qayitdi
Oxunma sayı: 2018


“Qafqazinfo” xəbər verir ki, YAP-çı deputat S.Novruzov Publika.Az-a açıqlamasında söyləyib ki, Söyün Sadıqova tövbə qapıları hər zaman açıqdır. Onun sözlərinə görə, bu cür adamların hamısı haqq yoluna gəlmək üçün axırda tövbə qapılarında tövbə edəcəklər: “Haqq hər zaman əyrini kəsir. Hətta, bu bir daha sübut olundu belə və əyrilərin hamısı, o cümlədən Söyün Sadıqov və digərləri sonradan peşman olub haqq yoluna qayıtdılar. Azərbaycan müxalifətinin çox az hissəsi qalıb ki, gec-tez onlar da haqq yoluna qayıdacaqlar. Haqq-ədalət hər zaman qələbə çaldığı kimi bizim haqq işimiz də hər zaman qalib olacaq”.

S.Sadıqovun imkanlarından gələcəkdə diaspora quruculuğu işində istifadə edilib-edilməməsi məsələsinə də toxunan S.Novruzov deyib: “Söyün Sadıqovdan gələcəkdə diaspora işində istifadə ediləcəyini düşünmürəm. Amma bütövlükdə əgər Söyün Sadıqov səhvini başa düşürsə və günahlarını etiraf edirsə, onu əfv etmək olar”.

 Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin prezidenti və “Milyarderlər İttifaqın”nın təsisçilərindən biri olmuş Söyün Sadıqov AzNews.az-a açıqlamasında bildirib: “Hər bir ölkədə müxalifət var, çünki heç bir hakimiyyət hamını eyni qaydada razı sala bilməz. Kimsə hakimiyyətdən razıdır, kimsə narazıdır, bunlar normal şeylərdir. Ən əsası müxalifət radikal yox, konstruktiv olmalıdır. Müxalifətin hakimiyyətdən daha yaxşı, real proqramı olmalıdır”.

Azərbaycan müxalifətinin bugünkü durumu ilə bağlı fikirlərini bölüşən S.Sadıqovun sözlərinə görə, ancaq real proqramı olduğu təqdirdə müxalifəti əsl müxalifət hesab etmək olar: “Ancaq bu halda onlara müxalifət demək olar. Yoxsa hər şeyin yalnız pis olduğunu qışqırıb, əslində, nəyin pis olduğunu bilməyənlərə müxalifət demək olmaz. Azərbaycanda da Rusiyadakı kimi normal müxalifət yoxdur. Eyni simalar, eyni etirazlardır”.