Qoca at arpa yemir?

qoca-at-arpa-yemir
Oxunma sayı: 4924


Dünən bütün saytlarda “Azərbaycanda tükürpədici olay - ana yeni dünyaya gətirdiyi körpələrdən imtina etdi”,  “Ana əkizlərini xəstəxanada atdı- 79 yaşlı atadan şok açıqlama” və s.  bu kimi başlıqlı bir xəbər yayılmışdı. Özünən 46 yaş böyük biri ilə evliliyindən 3 övladı olan qadın yeni  dünyaya gətirdiyi körpələdən xəstəxanadaca imtina etmişdi.  Bu hadisəyə hərə bir cür qiymət verdi. Kimi imkansızlıq, kimi cahillik, kimi qudurğanlıq kimi dəyərləndirdi.

Düzdür mən də bu ailəyə haqq qazandırmıram. Birincisi ona görə ki, ailə həyatında normal yaş fərqi olmalıdır. Qadının babası yaşında biri ilə ailə  həyatı qurub övlad dünyaya gətirməsi, 80  yaşlı kişinin nəvəsi yaşında qız ilə  münasibəti ailə olsa belə cəmiyyət çərçivəsinə sığmır. Bu öz yerində... Amma bu gün atanın qızını, qardaşın bacını zorladığı,  qardaşın qardaşı arvadı ilə eşq yaşadığı, qızların toy günü evdən qaçdığı bir vəziyyətdə bu  hal yəni  böyük yaş fərqi ilə ailə həyatı qurmaq bir o qədər də  rüsvayedici vəziyyət deyil.   

“Qoca at arpa yemirmi” məsəli də öz yerində. Problem onda deyil.  Problem ondadır ki, bir çox ayonlarda, ucqar kəndlərdə, hətta Bakının bəzi kəndlərində belə insanlar  Kontrasepsiya metodlarından xəbərsizdilər. Bu haqda maraqlanmağı “ayıb” kimi dəyərləndirən belə cəmiyyətlər də, özləri istəməsə də uşaqların sayı çox olur. Uşaqları çox olur və dəyərsiz olur deyim və inanın.  Uşağı çox olan ailələrdə  uşağa artıq canlı varlıq kimi deyil əşya kimi baxırlar. Onun təhsili, əxlaqı, sağlamlığı valideyin üçün önəm daşımır. Qız olanda 14 yaşına çatan kimi ərə verir, oğlanları isə  “valideyin borcu” nu yerinə yetir deyə fəhlə kimi işlədirlər. Hətta bir dəfə bir çoxuşaqlı atanın dilindən eşitmişəm deyirdi ki, “adamın gərək övladı çox olsun ki, biri öləndə, biri itəndə, biri batanda, biri yananda biri qalsın”. Yəni bir çox çoxuşaqlı ailələrdə indi uşaqlara belə dəyər verilir. İnanmaya biləsriniz amma mən belə hadisələrə çox şahid olmuşam. İstər Bakıda, istərsə  bölgələrdə...

İndi keçək əsas məsələyə  Kontrasepsiya metodlardan istifadə haqqında insanların məlumatsızlığına. Qadınlarla çox zaman bu barədə söhbət edəndə, açıq aydın etiraf ediblər ki, bu barədə məlumatsızdılar. Məlumatları olsa belə bu vasitələrdən istifadə etməyi həyat yoldaşlarına  qəbul etdirməyi bacarmazlar. Çünki həyat yoldaşları bu vasitələrdən istifadə etməyi özünə yəni kişiliyinə sığışdırmır. Ancaq bəzi üsullar var ki, bu barədə qadınları məlumatlandırmaq olar ki, bu vəzifə də qadın hüquqları ilə bağlı QHT-lərin üzərinə düşür.  Gündə qrant alıb boş-boş tədbirlər keçirən QHT -lər (hər gün BMM dən tədbir dəvətləri gəlir) sizə təklif edirəm ki, bölgələrdə 5 -10 adamla yeyib içib şəkil çəkdirib adını "layihə icra edirəm" qoymaqdansa, Kontrasepsiya metodları haqqında məlumatlar versəniz, aldığınız qrantlarla bu barədə kitabçalar çap edib paylasanız,  Kontraseptik vasitələr paylasanız daha böyük savab qazanmış və daha böyük iş görmüş olarsınız... İnanın ki, bölgələrdə buna daha çox ehtiyac var... Olmasaydı, bu gün “küçə uşaqları”, “erkən nikahlar”, “uşaq əməyi” problemimiz olmazdı.  Olmasaydı bu gün küçələrimizdə (qaraçıları nəzərdə tutmuram) ikisi yanında biri qarnında dilənən qadınlarımızın sayı daha az olardı. Olmasaydı bu gün bütün saytlar "Azərbaycanda tükürpədici hadisə - Ana yeni dünyaya gətirdiyi iki övladından imtina etdi" başlıqlı yazılar yazmazdı.