Tehran Vaşinqtonun sülh təklifini rədd etdi

tehran-vasinqtonun-sulh-teklifini-redd-etdi
Oxunma sayı: 593

ABŞ-nin İranla davam edən hərbi münaqişədə 48 saatlıq atəşkəs təklif etsə də, Tehran bu təklifi rədd edərək hücumlarını davam etdirəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Nəşr yazır ki, Vaşinqton aprelin 2-də vasitəçi ölkə vasitəsilə İrana döyüşləri iki günlük dayandırmağı təklif edib. Mənbənin bildirdiyinə görə, bu təşəbbüs ABŞ Silahlı Qüvvələrinin regionda qarşılaşdığı çətinliklər və İranın hərbi potensialının yanlış qiymətləndirilməsi nəticəsində yaranan risklərdən sonra irəli sürülüb. Lakin İran tərəfi təklifə yazılı cavab vermək əvəzinə, döyüş meydanında hücumların intensivliyini artırmaqla reaksiya verib.

Xatırladaq ki, regionda genişmiqyaslı hərbi əməliyyatlar fevralın 28-də ABŞ və İsrailin birgə hücumu ilə başlayıb. Əməliyyatın ilk günündə İranın ali dini rəhbəri Əli Xamenei və onlarla yüksək rütbəli rəsmi Tehran yaxınlığındakı kompleksdə öldürülüb. Tehran buna cavab olaraq İsrail ərazisinə, həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Qətərdəki ABŞ hərbi bazalarına kütləvi raket və PUA hücumları təşkil edib.

Onu da bildirək ki, son məlumatlara görə, toqquşmalarda 1300-dən çox insan həlak olub. ABŞ tərəfi indiyədək 13 hərbçisinin öldüyünü və 300-dən çoxunun yaralandığını, həmçinin Fars körfəzi bölgəsində iki döyüş təyyarəsinin vurulduğunu təsdiqləyib.