“Bu cür çıxış etməkdənsə, oynamamaq daha yaxşı olardı” - Əmirquliyev

bu-cur-cixis-etmekdense-oynamamaq-daha-yaxsi-olardi
Oxunma sayı: 896

Topaz Premyer Liqasının 18-ci turunun son görüşündə “İnter”ə 0:2 hesabı ilə məğlub olan “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev qarşılaşma başa çatdıqdan sonra KİV təmsilçilərinin əhatəsinə düşüb.

“Qafqazinfo” apasport-a istinadən media nüməyəndələrinin suallarını cavablandıran millimizin yarımmüdafiəçisinin müsahibəsini təqdim edir:

- “Qarabağ”a keçidinlə sənli təbrik etmək istəyərdik...

- Mən də bu xəbəri mətbuatdan oxumuşam. Amma hələ heç nə rəsmiləşməyib. Sadəcə, danışıqlar olub.

- Razılıq əldə olunub?

- Razılaşmaqla rəsmi müqavilə imzalamaq ayrı-ayrı şeylərdi. Biz rəsmi müqavilə imzalamamışıq.

- Amma çox ehtimal ki, yeni klubun “Qarabağ” olacaq.

- Ola bilər. Amma başqa variantlar da var. Sabah bütün suallar cavabını tapacaq.

- Sənin çıxış edəcəyin mövqedə Ağdam klubunda 4 futbolçu oynayır. Belə olan halda, “Qarabağ”a keçməyin daha vacib idi, yoxsa rahat şəkildə əsas heyətinə düşə biləcəyin “Qəbələ”yə?

- “Qarabağ”da yaxşı futbolçular yer alıb. Orada əsas heyətə düşmək üçün güclü rəqabət var. Əgər “Qarabağ” variantı alınsa, çalışacam özümü sübut edim və əsas heyətə düşə bilim.

- “Qarabağ”la 2,5 illik müqaviləyə imza atacaqsan?

- Sabah bilinəcək. Çünki dekabrın 30-a qədər “Xəzər Lənkəran”ın futbolçusu hesab edilirəm.

- Bir ara Xorvatiyanın “Riyeka” klubu ilə də adın hallanırdı. Bu klubdan rəsmi təklif almışdın?

- Təklif almışdım. Amma onlarla danışıq aparmadım. Çünki üstünlüyü Azərbaycanda qalmağa verdim.

- Xaricə getməməyinin səbəbi nə idi? Bu günə qədər heç bir futbolçumuzun əcnəbi klublarda özünü doğrulda bilməməsi seçiminə təsir etdi?

- Xaricə getməməyim ailə məsələləri ilə bağlıdı. Çünki bəzi problemlərim var.

- Gəmini sonuncu tərk edən kapitan olur. Bu gün kapitanın ayrılmaq haqda qərar verməsi “gəminin batması”na işarədi?

- Mənə də ağır gəlir. “Xəzər Lənkəran”nı bu vəziyyətdə qoyub getmək istəməzdim. Amma belə alındı. Məcbur getməliyəm. Başqa variantım yoxdu.

- Qış fasiləsi zamanı transferlərin olacağı bildirilirdi. Sənin gedişin bu deyilənlərin boş vəd olduğu anlamına gəlmir?

- Bu suala rəhbərlik cavab versə, daha yaxşı olar. Amma Lənkəran azarkeşləri bu cür vəziyyətə layiq deyil. Komanda yarandığı gündən çempionluq uğrunda yarışıb. Bu cür çıxış etməkdənsə, oynamamaq daha yaxşı olardı.

- Amma azarkeşlərin səni Lənkarandan qəhrəman kimi yola salır.

- Hər zaman çalışmışam ki, geyindiyim formanın haqqını verim. Azarkeşlərimizə təşəkkür edirəm ki, məni dəstəkləyirlər. Yaxşı günümüzdə olduğu kimi, çətin vaxtlarımızda da bizi yalnız buraxmadılar.