“Avropa Parlamenti ilə bütün əlaqələri kəsməliyik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri deputat Elşən Musayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat Avronest Parlament Assambleyasından da çıxmağı təklif edib: “Heç Ermənistanın siyasi rəhbərliyi Avropa Parlamentinin qərəzli şəkildə qaldırdığı məsələlərin üzərinə gəlmir, kiməsə hərbi əsir demir, hansısa abstrakt mədəni irsdən danışmır. O zaman sual verərlər, sizə nə gəlib, cənablar? Siz Papadan artıq katoliksiniz? Düşünürəm ki, bunlarla ən azı indiki dövrdə bütün əlaqələri kəsməliyik”, - deputat bildirib.
***
Deputat Vüqar Bayramov isə bildirib ki, bu yaxınlarda Avropa Parlamentində müzakirəyə çıxarılmış “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblər ehtiva edir.
“Yəni, Qərbdə bəzi dairələr hər imkanda Azərbaycana qarşı qərəzlərini nümayiş etdirməyə çalışırlar. Təbii ki, Avropada Azərbaycanın dostları da az deyil. Ölkəmizə olan son yüksəksəviyyəli səfərlər bunu bir daha təsdiq edir. Amma qitənin enerji təhlükəsizliyində xüsusi paya malik olan, son illər TAP kəməri vasitəsi ilə Avropaya 57 milyard kub metrdən çox qaz nəql edən Azərbaycana qarşı bir sıra dairələrin qərəzli və ikili standartlara əsaslanan yanaşması təəssüf ki, bitmək bilmir. Bütün bunlara baxmayaraq, Azərbaycan idmanda, siyasət və iqtisadiyyatda da güclənir, öz inkişaf yolunu müəyyənləşdirir”, - deputat bildirib.
***
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, son 36 ildə Avropa Parlamentinin Ermənistan-Azərbaycan münaqişəsi və Qarabağ məsələsinə dair onlarla qətnaməyə nəzər saldıqda, Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını aydın görürük”.
“Qarabağ əhalisini geri qaytamağa çalışanlar yəqin, Şuşa, Xankəndi azərbaycanlılarını nəzərdə tuturlar. Paşinyanın ən böyük rəqibləri daxildə üçbaşlı müharibə partiyası deyil. İrəvanın düşmənləri aprelin 11-12-də Parisə toplaşan 22 dövlətin təmsilçiləri və dünən qətnaməyə səs verən deputatlardır.
Son 35 ildə ilk dəfə AZAL təyyarəsi İrəvana gedib. Təhlükəsiz şəraitdə Baş nazirinin müavini prezidentin tapşırığı ilə sülh prosesi çərçivəsində sərhəd xəttini razılaşdırıblar. Belə bir vaxtda barışa və təhlükəsizliyə qarşı fəallaşan qüvvələr qələbəmizdən qisas almağa çalışırlar.
Bəs parlamentimizin cavabı nə olmalıdır? Biz bəyan etməliyik ki, sülh prosesinə zərbə vuranlara qarşı İrəvan Bakı ilə birlikdə eyni səngərdə dayanmalıdır. Ermənistan rəsmən bəyan etməlidir ki, son 30 ildə işğalı legitimləşdirmək üçün qurduqları infrastrukturu, o cümlədən, dini-mədəni abidələri və qayıdış məsələsini kimsə imperiya maraqlarına alət edə bilməz.
Bəli, Azərbaycan dövləti sülhün düşmənlərinin siyahısını tərtib edib dünyaya təqdim etməlidir ki, Cənubi Qafqaza müharibə gətirmək istəyən agentlərin kimliyini hamı tanısın!”, - komitə sədri bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər