Nazirlikdə “Əbədiyyətə qovuşan ömrün 103-cü baharı” mövzusunda tədbir - Fotolar

nazirlikde-ebediyyete-qovusan-omrun-103-cu-bahari-movzusunda-tedbir
Oxunma sayı: 335

Kənd Təsərrüfatı Nazirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Əbədiyyətə qovuşan ömrün 103-cü baharı” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyası və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasının foyesində ucaldılmış büstünün önünə əklil qoyub, əziz xatirəsini ehtiramla anıblar. Daha sonra tədbir iştirakçıları Ulu Öndərin aqrar sahədə fəaliyyətindən bəhs edən foto sərgi ilə tanış olublar.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin ömrünü Azərbaycanın dövlət müstəqilliyi və yüksəlişi ilə eyniləşən əbədi bir yol adlandırıb.

Nazir qeyd edib ki, Ulu Öndərin fəaliyyətinin hər bir mərhələsi xalqımızın rifahına, ölkəmizin qüdrətlənməsinə xidmət edib: “Bu gün Ümummilli Liderin siyasi kursu Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyevin yürütdüyü aqrar siyasət nəticəsində ölkəmizi kənd təsərrüfatı sahəsində innovasiyaların, “yaşıl iqtisadiyyat”ın və “ağıllı kənd” konsepsiyalarının tətbiq olunduğu məkana çevirib. Xüsusilə vurğulamaq istəyirəm ki, işğaldan azad edilmiş və “Yaşıl Enerji Zonası” elan olunmuş Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqlarının yenidən əkin dövriyyəsinə qaytarılması Ulu Öndərin ruhunu şad edən ən böyük tarixi hadisələrdəndir”.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ulu Öndərin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib. YAP rəsmisi qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirilən tədbirlər ölkəmizin iqtisadi potensialının artması və dayanıqlı inkişafına möhkəm zəmin yaradıb.  

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.