NDU ilə Çin Elmlər Akademiyası arasında əməkdaşlıq - Fotolar

ndu-ile-cin-elmler-akademiyasi-arasinda-emekdasliq
Oxunma sayı: 213

Naxçıvan Dövlət Universiteti Çin Elmlər Akademiyası ilə strateji elmi əməkdaşlığa başlayır.

“Qafqazinfo” xəbər verir ki, NDU magistrantları və doktorantları üçün Çində təhsil imkanı yaranır. Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin Elmlər Akademiyasının Fizika, Kimya və Texniki Elmlər İnstitutunun rəhbərliyi ilə keçirilən rəsmi görüşdə bu barədə ilkin razılığa gəlinib.

Görüş zamanı tərəflər arasında elmi tədqiqat və akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm məsələlər ətraflı müzakirə olunub.

Müzakirələrin əsas istiqamətlərindən biri NDU magistrantlarının adıçəkilən institutda doktorantura təhsili imkanlarının yaradılması olub. Bununla yanaşı, universitetin magistrant və doktorantları üçün birgə elmi rəhbərlik mexanizmlərinin tətbiqi məsələsi diqqət mərkəzində saxlanılıb, bu sahədə fikir mübadiləsi aparılıb və ilkin razılaşmalar əldə olunub.

Görüşdə həmçinin yaşıl enerji, nanomateriallar, quru və ekstremal iqlim şəraitində enerji və material texnologiyaları, kimya, fizika və tətbiqi fizika sahələrində ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri geniş şəkildə müzakirə edilib.

Eyni zamanda beynəlxalq elmi əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə birgə elmi jurnalın təsis edilməsi təşəbbüsü müsbət qarşılanıb və bu istiqamətdə konkret addımların atılması barədə razılıq əldə olunub.