“Bu o demәkdir ki, 1-ci diviziona yuvarlanacağıq”

bu-o-demkdir-ki-1-ci-diviziona-yuvarlanacagiq
Oxunma sayı: 1183

Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Xəzər Lənkəran" 12-ci məğlubiyyətini aldı.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Yunis Hüseynov məğlubiyyəti şərh edib.

Təcrübəli mütəxəssis komandasının Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağını etiraf edib: “İnter"i təbrik edirəm. Bilirsiniz ki, heyətlə bağlı ciddi sıxıntılarımız var. Məcburiyyətdən dünən əvəzedicilərdə çıxış edən 2 oyunçunu oynatdım. Fasilə yarandı, rəhbərliklə söhbətimiz olacaq. Elitada yerimizi qorumaq üçün 15 yeni oyunçuya ehtiyac duyuruq”.

- Qeyd etdiniz ki, rəhbərlik qərar verəcək. Bu futbolçularla oynamağı qərara alsalar, istefa verə bilərsiz?

- İnanmıram ki, rəhbərlik belə qərar versin. Çünki bu, o deməkdi ki, 1-ci diviziona yuvarlanacağıq.

- 4-5 oyunçunun qala biləcəyini qeyd etdiniz. Adlarını çəkə bilərsiniz?

- Bunu siz məndən də yaxşı bilirsiniz.

- Yəqin ki, "Əhməd haradadı?" filminə baxmısınız. Həmin filmdən bir cümləni xatırlatmaq istərdim: "Bacı, itirə-itirə gedirsiniz". Qorxmursunuz ki, yeni oyunçuları cəlb etmək bir yana, elitada çıxış etməyə layiq gördüyünüz 4-5 oyunçu da sıralarınızı tərk edə?

- Hər şey ola bilər. Bu gün 6-7 oyunçumuza təkliflər gəlib. Sadəcə, onların yayadək müqavilələri var. Rəhbərliyin necə qərar verəcəyindən asılıdı.