“Formadan düşmüşəm” - Kamran Ağayev

formadan-dusmusem
Oxunma sayı: 1254

Milli komandamızın qapıçısı Kamran Ağayev “Karşıyaka” karyerasına son qoyaraq, vətənə dönüb. “Qafqazinfo” xəbbər verir ki, təyyarədən yenicə enən təcrübəli əlcək sahibi futbolinfo.az saytına verdiyi müsahibədə cari mövsümün nəyə görə uğursuz başlandığını, habelə gələcək perspektivləri barədə danışıb:

- Türkiyə Futbol Federasiyasının qanunlarını əsas tutaraq, “Karşıyaka” ilə anlaşmaya qarşılıqlı şəkildə xitam verdik. Onlar mənə olan borclarını ödəyə bilmədiyi üçün, həmin vəsaitdən imtina etdim və əvəzində azad agent statusu qazandım.

- Müqaviləni pozarkən, qarşı tərəflə hər hansısa bir çəkişmə yaşamadın?

- Xeyr, hər şey sivil qaydada baş tutdu. Menecerimlə danışdım və qərara aldıq ki, “Karşıyaka”dan ayrılsam, daha yaxşı olar.

- Hazırki durumunu necə qiymətləndirərdin?

- Açığı, formadan düşmüşəm. Gərək intensiv məşqlər edim ki, əzəli formamı bərpa edə bilim.

- Bu, gələcək karyerana təsir etməyəcək?

- Əlbəttə, indi ideal formamdan xeyli uzağam. Oradakı şərait elə idi ki, normal səviyyəmi qorumaq mümkün deyildi. Sadəcə, olub keçənlər, keçmiş komandam haqda pis sözlər işlətmək istəmirəm. Bu, bir səhvim idi. Aldandım. Oraya guya dəvət olunacaq futbolçuların adlarına aldandım. Nəticə də acınacaqlı oldu. Bir daha bu cür səhvə yol verməyəcəm.

- Karyeranı Azərbaycanda davam etdirmək niyyətindəsən?

- İndi elə bir formadayam ki, xarici klublardan dəvət alacağım inandırıcı deyil. PTT 1-ci Liqasında oynamaram. Doğrudu, bu liqanın aparıcı klubları Topaz Premyer Liqasından bir baş üstündülər. Ancaq hədəfim Türkiyə Superliqasıdı. Bunun üçünsə ilk növbədə formamı bərpa etməliyəm.

- Ölkə klublarından təklif almısan?

- Xeyr, heç kimlə heç nə danışmamışam. Bu işlə menecerim məşğul olacaq və birlikdə qərar qəbul edəcəyik.

- Belə bir xəbərlər dolaşır ki, “Zirə”ylə anlaşacaqsan...

- Yox, “Zirə”ylə bu mövzuda kəlmə də kəsməmişik.

- Bəs formanı nə cür bərpa edəcəksən?

- Komandalarımızdan birinin məşq prosesinə qatılacam. Kim icazə versə, oraya da üz tutacam.

- Konkretləşdirsək?

- “Sumqayıt”a müraciət edəcəm. Onların məşqinə mane olmadan fərdi qaydada formamı bərpa etməyə çalışacam. Əlbəttə, icazə versələr.

- Ola bilərmi ki, yayadək elə “Sumqayıt”la anlaşasan?

- İnanmıram. Hədəflərim daha böyükdü. İstəyirəm böyük klubda oynayım. Necə ki, ötən mövsüm “Kayserispor” həyatı yaşadım.

- Məsələn, “Neftçi”də?

- Karyeramı ölkə xaricində davam etdirmək istəyirəm. Ancaq əcnəbi klublardan heç biri xidmətimdə maraqlı olmasa, əlbəttə ki, Azərbaycanda qalacam.