“İrəli atıldıq və nəticədə, qapımızda qol gördük”

ireli-atildiq-ve-neticede-qapimizda-qol-gorduk
Oxunma sayı: 835

Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Rəvan"la 3:3 bərabərə qalıb.

"Kapital Bank Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Abasov heç-heçəni şərh edib. Çalışdırıcı qapıçı və müdafiəçilərdən gileyini ilk cümlədəncə hiss etdirib:

- Oyuna istədiyimiz kimi başladıq. Debütdə qol da vurduq. Ancaq müdafiədəki və qapı xəttindəki problemlər özünü büruzə verdi. Təəssüf ki, bu yöndə dəyişikliklər edə bilmirik. Nə yeni oyunçu ala bilirik, nə də çatışmazlıqları aradan qaldırmağa nail oluruq. Bilmirəm necə olacaq.

- Sözlərinizdən belə qənaətə gəlmək olar ki, ciddi dəyişikliklər gözlənilmir?

- Heyətdən gedənlər olacaq. Amma cəlb etmək istədiyimiz futbolçuların əksəriyyətinin müqaviləsi var. Hətta onlar da komandamızı gücləndirəcək gücdə deyillər. Yeni gətirəcəyimiz oyunçular perspektivə hesablanacaq, bu gün nəticə verməyə yox.

- Özünüzdən güclü rəqiblərə qarşı qapalı oynayıb, nəticə əldə edirsiniz. Amma bu gün eyni səviyyəli rəqibə qarşı açıq oyun nümayiş etdirdiniz. Müdafiə xəttinin zəif olmasını nəzərə alaraq, daha düzgün olmazdımı ki, eyni oyun sxemini tətbiq edəsiz?

- İlk yarıda kompakt oynayırdıq. İlk qolu vurduq, amma gözləmədiyimiz halda qapımızın toru silkələndi. Daha bir dəfə fərqləndik, amma yenə də məyus olduq. Fasilədən sonra isə irəli atıldıq. Nəticədə, qapımızda qol gördük.

- Bəxtiyar Həsənalızadə meydanda yox idi. Bu, zədəsinin sağalmaması ilə bağlı idi?

- Yox, Bəxtiyarın zədəsi tam sağalıb. Sadəcə, ötən tur Mikayıl Rəhimov fərqlənmişdi və onun haqqını yeyə bilməzdim.