“Maaş verilməsə, “Qəbələ” ilə oyuna çıxmaya bilərik”

maas-verilmese-qebele-ile-oyuna-cixmaya-bilerik
Oxunma sayı: 1449

"Son turlarda itirilən xalların səbəblərindən biri də oyundan kənar amillərdir. Ancaq biz peşəkarıq. Meydana çıxdıqda öz vəzifəmizi yerinə yetirməliyik".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri qol.az-a "İnter"in futbolçusu Nizami Hacıyev Azərbaycan Premyer Liqasının 11-ci turunda "Zirə" ilə qolsuz bərabərə qaldıqları matçdan sonra deyib.

O, UEFA tərəfindən ayrılan pulun "İnter"in hesabına köçməsi ilə bağlı məlumatının olmadığını bildirib:

"Amma deyilənlərə görə pul bizə çatmalıdır. Artıq mənim kiməsə inamım qalmayıb. Pul bizə verilənə qədər heç kimə inanmayacam".

N.Hacıyev verdiyi açıqlamaların onun üçün heç bir problem yaratmayacağını vurğulayıb. O, problemin rəhbərlikdə olduğunu deyib:

"Klub rəhbərliyi bizə necə baxacaq, elə də oyun oynayacağıq. Keçən ildən 4 aylıq maaşım və bonuslarım hələ də verilmiyib. Bu il də quru maaşa futbol oynayırıq. Amma o da bu aydan yoxdur. Deyilmişdi ki, hər ayın 1-dən 10-a kimi maaş veriləcək. Bu gün artıq ayın 31-dir".

N.Hacıyev bildirib ki, "Qəbələ" ilə oyuna kimi maaş verilməsə, meydana çıxmaya bilərlər:

" Meydana çıxmamaq söhbəti təkcə bu oyunla bağlı deyil. "Qəbələ" ilə oyuna qədər hər şey ola bilər. Maaş verilməsə, meydana çıxmamaq ehtimalı var. Artıq səbrimiz tükənmək üzrədir. Klub rəhbərliyi bu kluba baxmaq istəmirsə, biz də özümüzə bir çarə tapaq".

N.Hacıyev klub prezidenti Georgi Nikolovun artıq nəyisə dəyişəcəyinə inanmadığını söyləyib:

" Biz bilmirik, bu komandanın rəisi, rəhbəri kimdir. Müraciət etməyə heç kim yoxdur."Qəbələ" ilə oyuna kimi dəyişiklik olmasa, bu klub üçün çox çətin olacaq".