“Məni təhqir edirdilər” - Ağayev

meni-tehqir-edirdiler
Oxunma sayı: 1715

Azərbaycan Premyer Liqasında 12-ci tur çərçivəsində doğma meydanda "İnter"i qəbul edən "Qəbələ" 1:1 hesablı heç-heçə edib.

“Qafqazinfo” sportal.az-a istinadən xəbər verir ki, "İnter"in kapitanı Səlahət Ağayev oyundan sonra jurnalistlərə müsahibə verib:

- Oyun haqda fikirlərinizi bildirərdiniz...

- “Qəbələ” ilə oyunlarımız həmişə çətin olub. İndiki vəziyyətimizdə səfərdə “Qəbələ”dən xal almaq normaldı. Bir xal bizim haqqımız idi.

- Matçın ikinci hissəsində azarkeşlərlə aranızda gərginlik yaşandı…

- “Qəbələ” azarkeşləri arxada məni təhqir edirdilər. Biz futbolçuyuq, meydana çıxırıq ki, əziyyətimizin bəhrəsini görək. Mənə qarşı çox nalayiq söyüşlər söyürdülər. Mən də onlara tərəf dönüb dedim ki, söyüş söyməyin. Daha da başladılar söyməyə… Mən azərbaycanlıyam, əgər Azərbaycan futbolunu fikirləşirlərsə, belə şeylər lazım deyil. Ümumiyyətlə, təkcə “Qəbələ” azarkeşlərinə yox, bütün klubların azarkeşlərinə səslənirəm. Əgər bizim azarkeşlərimiz belə hərəkət etsələr, mən özüm, şəxsən qarşısını almağa çalışaram.

- Komandada maliyyə vəziyyəti nə yerdədi? Əvvələ baxanda, heç olmasa, irəliləyiş varmı?

- Necə bilirsiniz elədi. Büdcəmiz çox aşağı düşüb.

- Son qarşılaşmalarda komanda qələbə qazana bilmir. Üç matçdan üç bərabərliklə ayrılmısınız, bunu maddi problemlərlə əlaqələndirmək olarmı?

- İndiki vəziyyətdə əgər 3 oyundu uduzmuruqsa, bu komanda qəhrəmandı.

- Mətbuata açıqlama vermişdiniz ki, maaşlarınız verilmir, ancaq bir az əvvəl prezident Georgi Nikolov dedi ki, artıq sentyabr ayının maaşları köçürülüb...

- Maaş hər 50 gündən bir olur. Avropa Liqasında keçirdiyimiz oyunların mükafatlarından isə hələ ki bir xəbər yoxdu.

- Avroliqanın mükafatını hələ də almamısınız?

- Xeyr, xəbər yoxdu.

- Rəhbərlik nə deyir bəs? Bir məlumat verilmir?

- Rəhbərlik deyəndə ki, elə həmin rəhbərlikdir. Georgi Nikolovdu prezident, ancaq bir prezident kimi komandaya arxa-dayaq deyil. Bir nəfər yoxdu ki, ortaya çıxsın ki, komandaya biz baxırıq. Bircə onu bilirik ki, Beynəlxalq Bank maliyyələşdirir, az da olsa, sağ olsunlar.

- Bəzi komanda yoldaşların təklif gələcəyi halda qışda komandadan getməyə hazır olduqlarını bildiriblər. Siz də bu fikirdəsiniz?

- Mənə təkliflər var idi. Ancaq mən dogma komandamda qalmağı üstün tutdum. Ancaq bu vəziyyət davam edəcəyi halda, kim ki getmək istəsə, ona heç nə demək olmaz. Heç kimi qınamaq olmaz.

- Ümumiyyətlə, komanda şəklində bu vəziyyətə narazılığınızı bildirmisiniz?

- Komanda şəklində toplantılarımız çox olub. Ancaq bir adam yoxdu ki, ona etiraz bildirəsən. Kimə deyəsən dərdini?

- Oyundan əvvəl komanda yoldaşlarınız bildirmişdilər ki, əgər maaşlar verilməsə, bu oyuna çıxmayacaqsınız. Bəs nə baş verdi ki, qərarınızı dəyişdiniz?

- Bu oyundan qabaq maaşımızı aldıq. Bayaq da qeyd etdim, 50 gündən bir maaşlarımız verilir.