“Meydançanın vəziyyəti imkan vermirdi ki...”

meydancanin-veziyyeti-imkan-vermirdi-ki
Oxunma sayı: 772

Bu gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaq. "Kəpəz" doğma meydanda "Neftçi" ilə 1:1 bərabərə qalıb.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə şəhər stadionunda keçirilən qarşılaşmadan sonra qonaq komandanın baş məşqçisi Əsgər Abdullayev "CBC Sport"a açıqlamasında heç-heçəni belə şərh edib:

"Əlbəttəki, bu oyunda qalib gəlmək niyyətimiz var idi, amma buna nail ola bilmədik. Meydançanın vəziyyəti imkan vermirdi ki, "Neftçi" öz oyununu göstərsin. Buna görə də istədiyimizə nail ola bilmədik. "Kəpəz" də çox döyüşkən komandadı. Bu qısa müddət ərzində Şahin Diniyevin böyük zəhməti var. Bu da meydanda hiss olunur. Hesab edirəm ki, "Kəpəz" bir çox komandaları buradan rahat buraxmayacaq. Hər halda 1:1 bərabərə qalıb, xal götürdük".

Təcrübəli mütəxəssis komandasının cari mövsümdəki hədəflərindən də söhbət açıb:

"Əlbəttəki, niyyətimiz ilk "3-lük"də olmaqdı. Əlimizdən gələni edəcəyik ki, ən azından avrokuboklara vəsiqə qazanaq".

Abdullayev matçda yubiley qoluna imza atan Cacid İmamverdiyevi təbrik etməyi də unutmayıb:

"Yubiley qolu ilə əlaqədar Cavidi təbrik edirəm. Əlbəttəki fasilədə futbolçularla söhbət etdim ki, komanda məğlubiyyətlə barışmamalıdı. Çünki bu, "Neftçi"di. Hər halda, futbolçular bunu dərk etdilər və ələ düşən fürsətdən istifadə etdilər. Bir neçə imkanlarımız olmasına baxmayaraq... Qoldan sonra Məhəmməd bir epizoddan istifadə edə bilmədi. Hesab edirəm ki, bugünkü hesab ədalətli nəticədi".