““Qarabağ”ın zamana ehtiyacı var” - Almeyda

qarabagin-zamana-ehtiyaci-var-
Oxunma sayı: 1466

“Qarabağ”ın brazilyalı futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqasının 11-ci turunda AZAL-a qalib gəldikləri oyundan sonra qol.az-a müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- İlk əvvəl qarşılaşma ilə bağlı fikirlərini öyrənmək istərdik.

- Bilirdik ki, bizim üçün çətin oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Amma sevinirik ki, rəqibin qapısına yol tapa bildik. Önəmli olan üç xal idi.

- Deyəsən, zədə alıb meydanı tərk etdin. İndi durumun necədir?

- İlk baxışda zədə kimi görünə bilərdi. Amma ayağıma sadəcə zərbə dəydi. Hər şey qaydasındadır.

- Premyer Liqanın son turlarında "Qarabağ"ın qarışıq heyətlə oynaması Avroliqa oyunlarında sizə çətinlik yaratmır ki?

- Komandamızda yetərincə oyunçu var. Buna görə də fikirləşirəm ki, baş məşqçimiz düzgün seçim edərək komandanı Avropa Liqasındakı oyunlara hazırlaşdıracaq.

- Bilirik ki, Reynaldo ilə meydanda yaxşı anlaşırsan. Bəs Armentorosla necə?

- Reynaldo ilə üç il idi ki, bir yerdə onlayırdıq. Buna görə də onunla bir-birimizi başa düşmək asan olur. Armentoros yeni gəldiyi üçün hazırda biz onu öyrənirik, o da bizi. Oyundan-oyuna bir-birimizi daha yaxşı başa düşürük.

- Komandanın hazırkı oyunu səni razı salırmı?

- Biz həmişə çalışırıq ki, özümüzü ən yaxşı tərəfdən göstərək. Hər gün məşqdə və oyunda buna çalışırıq. Baş məşqçimiz yəqin ki, bunu görür. Futbolçuların bu məsələyə şərh verməsi düzgün olmaz.

- Ötən mövsümlə müqayisədə bu il o qədər də sürətli futbol oynamırsız...

- Əvvəlki illərdə Leroy və Muarem var idi. Onlarla bir-birimizi daha yaxşı başa düşürdük. Bu il yeni oyunçular olduğuna görə zamana ehtiyacımız var.

- Belə çıxır ki, Leroy və Muaremin “Qarabağ”da yeri görünür?

- Hər ikisi komandamız üçün önəmli futbolçu idi. Amma baş məşqçimiz də komandada onların yerini dolduracaq oyunçularla təmin edib. Hər şey vaxt keçdikcə daha da yaxşı olacaq.

- “Qarabağ”ın Avropa Liqasında üç oyunu qalıb. Qrupdan çıxmaq üçün doğma meydanda oynayacağınız “Monako” matçı yaxşı şansdır. Ümumiyyətlə, bu oyun barədə nə düşünürsən?

- İndiyə kimi ancaq AZAL matçı barədə düşünürdük. Bundan sonra "Monako" ilə görüşü fikirləşəcəyik.

- "Monako"nu məğlub etmək olar?

- Həyatda mümkünsüz heç nə yoxdu.