““Xəzər Lənkəran” klubu hazırda çətin günlərini yaşayır”

-xezer-lenkeran-klubu-hazirda-cetin-gunlerini-yasayir-
Oxunma sayı: 1553

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, "Qarabağ" səfərdə "Zirə" ilə 0:0 bərabərə qalıb.

Zirə qəsəbə stadionundakı matçı canlı izləyən millimizin baş məşqçisi Robert Prosineçki final fitindən sonra saytımızın da suallarını cavablandırıb:

“Oyun məni qane etmədi. Komandaların qol şansları çox az oldu. “Zirə”ni bu hesabla təbrik etmək olar. “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Ona görə də”Zirə” bu hesabdan razı olmalıdır” .

- Artıq 2015-ci il başa çatır. Cari ildə millinin çıxışından razı qaldınız?

- Oynadığımız oyunlar məni razı saldı. Yalnız bir matçda pis oynamışdıq. Son oyunumuzda isə daha çox gənc oyunçulara şans verdik. Şans verdiyim 4-5 gənc futbolçu da Moldovaya qarşı yaxşı oynadılar. Ümumilikdə, bizim üçün yaxşı oldu.

- Millimizin sabiq baş məşqçisi Berti Foqtsdan fərqli olaraq, qış failəsində təlim-məşq toplanışı olmayacaq...

- Antalyada klublarımızın məşqlərini canlı izləyəcəm. Millinin təlim-məşq toplanışı mart ayına nəzərdə tutulub. İyun ayı üçün də təlim-məşq toplanışı nəzərdə tutulub.

- Milli komandanın yoxlama oyunu gözlənilir?

- Əlbəttə. Hələlik danışıqlar gedir.

- AÇ-2016-nın final mərhələsində mübarizə aparan 3 komanda millimizlə DÇ-2018-in seçmə mərhələsində eyni qrupdadır. Həmin komandaların oyunlarını izləmək üçün Fransaya yollanacaqsınız?

- Bəli, fikrim var ki, gedim həmin komandaların oyunlarını canlı izləyim.

- Ölkəniz Xorvatiyanın AÇ-2016-nın final mərhələsindəki şanslarını necə qiymətləndirirsiniz?

- Çətin qrupda düşüblər. Çexiya və Türkiyə güclü heyətə malikdirlər. İspaniya qrupun favoritidi.

- Rahid Əmirquliyevin adı Xorvatiyanın “Riyeka” klubu ilə hallanır. Həmçinin sizin Əmirquliyevi “Riyeka”ya məsləhət gördüyünüz bildirilir...

- Rahid Əmirquliyev millinin əsas futbolçularından biridir. Təəssüflər olsun ki, “Xəzər Lənkəran” klubu hazırda çətin günlərini yaşayır. Çox istəyirəm ki, Rahid güclü komandaya getsin və formada qalsın. Mənim “Riyeka” klubu ilə heç bir danışığım olmayıb. Məndən heç kim bu haqda soruşmayıb. Əgər Rahid haqda məndən soruşsalar, onu "Riyeka"ya məsləhət görərəm.