ADNSU ilə “Azərkimya” arasında danışıqlar aparılıb

adnsu-ile-azerkimya-arasinda-danisiqlar-aparilib
Oxunma sayı: 847

Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı  “Azərkimya” İstehsalat Birliyinin Baş direktoru İmran Arzumanzadə ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, ADNSU-nun rektoru M.Babanlını Sumqayıtda “Azərkimya” İB-də görməkdən məmnun olduğunu qeyd edən İ.Arzumanzadə 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamı ilə  “Azərkimya” Dövlət Şirkətinin SOCAR-ın tabeçiliyinə verilməsindən (“Azərkimya” İstehsalat Birliyi statusunda) sonra burada gerçəkləşdirilən rekonstruksiya və modernizasiya işləri barədə ətraflı məlumat verib.

Mustafa Babanlı hazırda ali məktəbdə tədrisin vəziyyəti, ixtisasların akkreditasiyası, tədrisin istehsalat və sənayenin tələblərinə uyğunlaşdırılması istiqamətində aparılan işlər barədə məlumat verib.  ADNSU-nun “Azərkimya” ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən rektor M.Babanlı ali məktəbdə buraxılış işlərinin mövzularının müəyyənləşdirilməsi, tələbələrin gündəlik təcrübə, eləcə də tədris proqramına uyğun istehsalat təcrübəsi keçməsi kimi məsələlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. 

Rektor “Azərkimya” İB-nin istəyi olarsa seçilmiş fənlər bölümündə məhz müəssisənin tələblərinə uyğun tədrisin həyata keçirilməsinin mümkünlüyünü qeyd edərək bildirib ki, müəssisənin mütəxxəsisləri ADNSU-da doktorantura səviyyəsində təhsil də ala bilərlər. 

Görüşdə ADNSU-nun 119 nəfər 4-cü kurs tələbəsinin hazırda “Azərkimya” İB-də istehalat təcrübəsi keçdiyi, universitetinin bir sıra məzunlarının hazırda bu müəssisədə çalışdıqları qeyd olunub. Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müəyyənləşdirmək üçün işçi qrupun yaradılmasına dair razılıq əldə ediblər.