Arıların, yoxsa azarkeşlərin “yuvası” ...

Arıların, yoxsa azarkeşlərin “yuvası” ...
Oxunma sayı: 818

Elsevər Məmmədov

 Gözümüzün önündə 7-8 arı uçur. Həmkarlardan biri də əlindəki siqaretin tüstüsü ilə boğmaq istədiyi arılardan birinin az qala boynunu sancdığını deyərək əlacsız yenidən oyuna baxmağa davam edir...Sanki arı pətəyindən stadionun yeni ot örtüyünündəki tarixi keçmişdə qalmış əzəli derbini izləyirik. Əslində, Gəncə stadionunun yeni ot örtüyünün səfərə yollanmamışdan bir neçə gün öncə gördüyümüz şəkilləri valehedici idi. Amma stadiona ayaq basanda otun həddən artıq çox olduğunu, kortəbii şəkildə işlənildiyini görməmək mümkün deyildi.

Xalqımızınn hər cür vəziyyətdən çıxış üçün istifadə etdiyi təsəlli sözü var: pis gününə bax bugünə şükür elə. Gəncədə oynayan komandalar da, yerli klub da ötən ilə baxıb papağını 3 dəfə göyə atıb sevinə bilər. Amma azarkeşlər üçün eyni sözləri söyləmək insafsızlıq olar...

Qədim Roma imperiyasına məxsus amfiteatrı xatırladan tribunaların yanından keçib “Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadənin fotosunu çəkməyə getdim. O an anladım ki, bayaq media tribuna önündə bizi sancmaq istəyən arılar buranın daimi sakinləridir. Çünki bu tribunalarda azarkeş deyil, ancaq arı yuva qura bilərdi. Bəlkə stadiona həmişəkindən çox az fanat gəlməsinin də səbəbi həmin arılar idi. Bəlkə də fanatlar da arılardan qorxub ötən mövsüm daha çox pulsuz paylanan biletlərdən imtina etmişdi.

Yeri gəlmişkən, “Neftçi”nin vitse-prezidenti Orxan Hüseynzadəni ötən mövsüm media tribunada oturduğu zaman necə "arı sancmışdısa", bu dəfə özü oralara yaxın durmadı. Bakıdan Gəncəyə komandalarının arxasınca gedən fanatların yanında oturan klub rəsmisi gözünə düşən günəş şüalarından eynəyi ilə qorunub Ramin Musayevin “xahişi” ilə baş məşqçi təyin olunan Tərlan Əhmədovun zəfərini izləyirdi.

“Kəpəz”i də deyəsən arılar sancıb. Cəmi 1 qələbə qazanan komanda turnir cədvəlinin autsayderidir. Yöndəmsiz ot örtüyü Şahin Diniyevin yetirmələrinin boğazından kəsilib stadiona verilib. Liqanın ən az büdcəsinə sahib sarı-göylərin dalbadal məğlubiyyətlərini də heyətin kasadlığına yazmaq lazımdır. Cəmi 1 mövsüm öncə avrokuboklarda mərhələ keçən Diniyevin acizliyi də AFFA-nın “qabı yeməksiz qoymasın”dan qaynaqlanır.

Qayıdaq media tribunaya. Azarkeşlərin media nümayəndələrindən çox olduğu “VİP loja”da işləmək də qeyri-mümkündür. Üçüncü dəfə olduğum stadionda media nümayəndələri üçün ayrılmış masaların üzərinə çıxaraq özünü icra başçısına göstərmək istəyən “azarkeş”in şousu daha çox göz oxşayırdı. Yanındakı köməkçisi işimizə mane olmaq istəməyən fanatları qıcıqlandırmaqla məqsədi başqa olan saxta sevgisini “Kəpəz”ə göstərməyə çalışırdı.

Qarşılaşma bitəndən sonra stadiondan 3 km aralıda yerləşən mətbuat konfranslarının yerləşdiyi zala gələrkən qapının kənarında məyus dayanmış “Kəpəz” Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğluna gözüm sataşdı. Media tribunanın çox biabırçı olduğunu diqqətinə çatdırdım və çox acizanə cavab aldım: “mən nə edə bilərəm ki?”. Hər şey aydındır.

 Bəlkə hər gün bölgələrdə futbolun inkişafından, ora maliyyə yatırılmasından danışırıq. Azərbaycan futbolunun beşiklərindən biri olan Gəncədə futbolun iyrəncləşdirilməsi siyasəti sanki bilərəkdən aparılır. Matçdan sonra isə bəzi “ağsaqqal” fanatların oyunu normal şəkildə idarə edən Əliyar Ağayevə etirazları, az qala onun üstünə hücum çəkmək istəməsi, təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması elə azarkeşsiz futbolumuzun olmasına rəvac verir.

Azarkeşin etirazı sadəcə meydanda qalmalıdır. Əgər hakim idarəçiliyindən söz açsaq, “Kəpəz”in Viktor Oseqeyllə ofsayddan yaratdığı qol vəziyyətinə göz yumulmasını, 90-cı dəqiqədə Elnur Cəfərova qarşı cərimə meydançasında edilən kobudluğa biganə qalınmasını yerli fanatların diqqətinə də çatdıraq. Azarkeşin Xaqani Məmmədova “sən kişi deyilsən” və digər təhqiredici ifadələri “Kəpəz” rəhbərliyinin “aktivinə” yazılmalıdır. Hətta həmin fanatı Hakimlər Komitəsinin sədrinə hücum da edə bilərdi. Yanındakı dəstəsi də buna hazır idi. Qarşısını kim alacaqdı? Xaqani Məmmədov vəzifəsinin öhdəsindən gələ bilməsə də, onun döyülməsi və təhqir edilməsinə heç kim haqq qazandıra bilməzdi...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi