Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yenilənib

prezidentlerin-genis-terkibde-gorusu-oldu
Oxunma sayı: 1359

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya lideri Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

Dövlət başçısı tədbirə dəvətə görə təşəkkürünü bildirib.

Söhbət zamanı COP29-la əlaqədar Almaniya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq və heyətlər arasında görüşlərin önəmi xüsusi vurğulanıb. COP29-la bağlı yaradılan “üçlük” mexanizminin əhəmiyyətinə toxunulub, Almaniyanın COP29-la əlaqədar Azərbaycana bundan sonra da dəstək göstərəcəyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi, həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb.

Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun dəstəyi ilə Ermənistanın baş naziri ilə keçirilmiş görüşü, bu görüş çərçivəsində də məhz delimitasiya və demarkasiya məsələlərinin, sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələrin olduğunu qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Almaniyanın xarici işlər nazirinin dəstəyi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirilib və bu görüşdə sülh müqaviləsi üzrə əsaslı müzakirələrin aparılıb.

Söhbət zamanı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində iki ölkə arasında birbaşa danışıqlarda əldə edilmiş nəticələr qeyd olunub.

Prezident İlham Əliyev Qazaxıstan tərəfinin təklifi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə danışıqları davam etdirmələri üçün növbəti görüşün Qazaxıstanda təşkil olunacağını deyib.

Frank Valter-Ştaynmayer qeyd edib ki, Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.