Atəşkəsi pozan erməni sağ olsun

ateskesi-pozan-ermeni-sag-olsun
Oxunma sayı: 1594


Son vaxtlar Qarabağ barədə heç danışan yoxdu. Yəqin fikirləşdiniz ki, səhv etmişəm. Amma yox. Bir ətrafa baxın, qulaq asın, görün Qarabağdan danışan var?

Son həftələr iki halda Qarabağ kəlməsi leksikonumuzda səslənib. Bir “Qarabağ” Futbol Klubunun Avropada uğurlu çıxışı, bir də atəşkəsin pozulması ilə bağlı.

Əvvəlcə birinci haqında. Mənim üçün bu ilin ən vacib hadisəsi “Qarabağ” klubunun Avropada oynamaq şansı və bu imkandan ləyaqətlə istifadə etmələri oldu. Klub hər şeyi etdi və edir. Amma biz Azərbaycan olaraq hər şeyi etmədik və etmirik. Sadə bir misal. İki ildir Türkiyədə Xocalı aksiyası keçirilir. Minlərlə adam Bakıdan axışır İstanbula. Jurnalistlər, QHT təmsilçiləri, deputatlar və sairə, və sairə. Onların çoxu gəzməyə, şəkil çəkdirməyə, pal-paltar almağa gedənlərdi. Təəccüblənməyin. Bizimkilər Kəəbə ziyarətinə də müəyyən məqsədlərlə gedir...

Qayıdaq Qarabağa... “Qarabağ” İsveçdə oynayanda 200 maksimum 300 azarkeş vardı. Sağ olsunlar. Amma orada daha çox olmalıydıq. Amma biz İsveçə getmək əvəzinə Ağdama getdik yürüş elədik, özümüz dedik özümüz eşitdik. Ağdamda yüyürməklə çox uzağa getmək olmaz qardaşlar.


Dağlıq Qarabağın Azərbaycanlı İcması var. Yaradılıb ki, Qarabağ həqiqətlərini dünyaya car çəksin. Qarabağ həqiqətlərini Avropaya car çəkmək üçün “Qarabağ”ın oyunundan yaxşı fürsətmi olacaqdı?

Deputatlarımız gecə gündüz Qarabağdan danışır. Əsgərlərlə şəkil çəkdirir... Başqaların demirəm, Ağdamın iki millət vəkili var. S.Bəxtiyar və Ə.Bəxtiyar. Onlar İsveçdə olmalı deyildilərmi?

İnanın ki, bu fürsət erməni də olsaydı, bir şou düzəldərdi ki, gəl görəsən. Amma biz eləmədik. Növbəti dəfə “Qarabağ”ın yolu Almaniyayadır. Bəlkə oyanasınız qəflət yuxusundan, ey mənim millət vəkillərim. Sübut edin ki, siz millət vəkilisiniz, maronet vəkil deyilsiz. Yox əgər yenə də İstanbul “xaraşo” deyib keçsəniz, onda ümid qalır erməniyə. O erməniyə ki,..

Söhbətin bu yerində keçək atəşkəsin pozulmasına...

Əvvəldə dediyim kimi, Qarabağı son vaxtlar yada salan ikinci səbəb atəşkəsin pozulmasıdır. Əgər atəşkəs də pozulmasa bir kimsənin yadına Qarabağ düşmür. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ermənilər atəşkəsi pozur bizim əsgərlər də onları susdurur. O gün bir erməni əsgəri özü durub gəlib biz tərəfə. Amma onu Azərbaycan əsgərləri yox, Azərbaycan çobanları tutub. Çoxu üçün müəmmalı görünən bu hadisədə elə bir ciddi problem yoxdu. Olan işdi...

Gərək o erməni əsgəri əlimizə düşmüşkən Azərbaycan xalqı adından ona nəsə bir mükafat verək. Çünki, o erməni əsgəri və onun atəşkəsi pozan silahdaşları bizi mürgüləməyə qoymur. Sanki çiynimizdən tutub silkələyir ki, ay musurman yatma, Qarabağ hələ azad edilməyib...

Evrika... Atəşkəsi pozan erməni əsgəri bizim millət vəkillərindən daha çox xeyir verir. Çünki onlar qoymurlar ki, Qarabağı unudaq. Sağ olsunlar. Amma millət vəkillərimiz olan S.Bəxtiyar və Ə.Bəxtiyar “Qarabağ”ı unudub.