“Azərsu” ASC-i nəzarət tədbirləri keçirir

azersu-asc-i-nezaret-tedbirleri-kecirir
Oxunma sayı: 736


Qurumun mətbuat xidməti şöbəsindən “Qafqazinfo”ya gələn məlumata görə, Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda həyata keçirilən infrastruktur layihələri göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə hesablansa da bəzi istehlakçılar tərəfindən sui-istifadə hallarına yol verilir.

Cari ilin yanvar-iyun aylarında aparılan nəzarət tədbirləri nəticəsində içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 849 fakt aşkarlanmışdır. Araşdırmalar nəticəsində Səhmdar Cəmiyyətə dəymiş ziyanın məbləği 2,4 milyon manat müəyyən edilmişdir. Görülmüş tədbirlər nəticəsində bu məbləğin 993 min manatının ödənilməsi təmin edilmişdir. Təkcə cari ilin iyun ayında içməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə ilə bağlı 194 fakt aşkarlanmışdır. Bunlardan 168-i Bakı şəhərində, 26-ı müxtəlif rayonlarda qeydə alınmışdır. Qiymətləndirmə nəticəsində “Azərsu” ASC-yə dəymiş ziyan 279,6 min manat məbləğində müəyyən edilmiş və bunun 210,3 min manatının ödənilməsi təmin edilmişdir.

Araşdırmalar göstərir ki, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə daha çox içməli suyun böyük miqdarda istehlak edildiyi yerlərdə - restoran, hamam, avtoyuma və s. obyektlərdə rast gəlinir. Bəzən smart-kart sayğacların quraşdırılmasına baxmayaraq abunəçilər içməli suya olan tələbatını sayğacdankənar qoşulmalar hesabına ödəyirlər. Belə hallar aşkarlandıqda içməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edən abunəçilərin su təchizatı qeyd-şərtsiz dayandırılır və “Azərsu” ASC-yə dəymiş ziyanın həmin abunəçilər tərəfindən ödənilməsi tələb edilir.