17 milyon dollarlıq film təqdim olundu

17-milyon-dollarliq-film-teqdim-olundu
Oxunma sayı: 726

Avropanın mərkəzi, Türkiyənin göz bəbəyi, mədəniyyətlər beşiyi İstanbulun möhtəşəm tarixindən bəhs edən 160 dəqiqəlik bədii film 3 illik hazırlıq və istehsal mərhələsindən sonra nəhayət ki, tamaşaçılara təqdim olunub.

Qəhrəmanlıq salnaməsi 1453-cü il, Türk tarixinin ən görkəmli, ən qürur verici bir dönəmi, Fateh Sultan Mehmetin İstanbulu fəthi haqqındadır.

Atası II Muradın ölümündən sonra ikinci dəfə taxta çıxan Mehmetin yeganə məqsədi, nəyin bahasına olursa olsun, Bizans İmperiyasının son torpağı Konstantinopolu ələ keçirmək, Osmanlı Dövlətinə qatmaqdır. Məqsədə doğru irəliləmək üçün bütün maneələr dəf edilməlidir.

Filmin mövzusu qədər möhtəşəm olan vizual görüntüsü, kütləvi səhnələri, 3 ölçülü animasiyaları, ən son kompyuter effektləri, qrafikaları elə ilk dəqiqələrdən tamaşaçını ələ alır.

Türkiyədən başqa dünyanın bir çox ölkələrində nümayiş olunacaq bu tarixi əsərin baş rolunu - Fateh Sultan Mehmeti aktyor İnqilab Evin canlandırır. Aktyor heyətinin seçimi üçün yüzlərlə namizədlə görüşən prodüser və rejissor Faruk Aksoy bu filmə məxsusi olaraq yeni simalar gətirib.

Kinoşünasların dediyinə görə, film bu gün üçün türk kino tarixinin ən yüksək pilləsidir. 17 milyon dollarlıq nəhəng büdcəsi ilə Türkiyədə ən bahalı film sayılır. Filmin musiqisi Hollivud filmlərinin bəstəkarı, Oskar ve Qızıl Qlobus mükafatlarına layiq görülmüş, məşhur musiqiçi
Benjamin Valfişə aiddir. 160 dəqiqəlik filmin 120 dəqiqəsinə xüsusi musiqilər yazan bəstəkar ilk dəfə Türk filminə imza atıb.

az.itv.az