Bankı depozitə görə məhkəməyə verdi - Uduzdu

banki-depozite-gore-mehkemeye-verdi
Oxunma sayı: 1718

Məhkəmə devalvasiyanı əsas gətirərək əmanətin faizini aşağı salan bankın xeyrinə qərar verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, vətəndaş Nərminə Paşayeva Nəsimi rayon məhkəməsinə müraciət edərək Beynəlxal Banka qarşı iddia qaldırıb.

N.Paşayeva ərizəsində qeyd edib ki, 2014-cü ildə banka aylıq 10,6 faizlə əmanət qoyub və hər ay faizi, yəni 870 dolları hesabından çıxarıb. Lakin 2017-ci ildə kartın pul çıxararkın 870 yox, 282 dollar köçdüyünü görüb. Banka müraciət etdikdə isə birtərəfli qaydada faiz dərəcəsinin 2-yə endirildiyi barədə ona məktub təqdim edilib.

N.Paşayeva bu qərarın qanunsuz olması qənaətinə gəlib və məhkəməyə müraciət edib. Hakim Rəşid Səmədov qərar verərkən ölkədə baş verən iki devalvasiyaya əsaslanıb. 

Qətnamədə qeyd edilib ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyytli dərəcədə dəyişməsi, əgər müqavilədə aydı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrə qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayaraq və ya ümumiyyətlə bağlamazdılar. Ölkədə devalvasiyanın baş verməsi və manatın ABŞ dolları qarşısında dəyərini xeyli itirməsi halını əksəriyyət ağlabatan mühakimə şəraitində əvvəlcədən görə bilməzdi. Çünki artıq uzun illər Azərbaycan manatı ABŞ dollarına münasibətdə möhkəmlənməkdə davam edirdi. Ona görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsini məhkəmə qəbul edir. 

Məhkəmə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən bankın birtərəfli qaydada depozit faizini aşağı salmasına haqq qazandırıb və N.Paşayevanın iddiasını təmin etməyib.

Murad Əhməd