“Başımla yox, ürəyimlə düşünürəm deyə...” - Ədəbiyyatın Musası

basimla-yox-ureyimle-dusunurem-deye
Oxunma sayı: 7831

Fərid Hüseyn, xüsusi olaraq “Qafqazinfo” üçün...

Musa Yaqubun həyat və yaradıcılığı haqqında qeydlər, birinci hissə:

                                                     Xəyal məsafəsi

Təxminən beş il əvvəl Xalq yazıçısı Anardan müsahibə alanda ona axirət dünyasına inanıb-inanmaması haqqında sual vermişdim. O, özünün əhatəli cavabında həm də ölümsüzlüyə, yaxud yenidən dünyaya gəlmək məsələsinə toxunmuşdu: “Belə bir fikir də var ki, insan ölmür, başqa formaya düşür. Məsələn, mən deyək ki, ölmədim, oldum nar ağacı, bunun mənim üçün nə ləzzəti olacaq ki? Yəni yaddaş olmayacaqsa, nə mənası var ki, hansısa formada yaşamağın?!” Hər kəsin öz həqiqəti, öz yəqini var və o düşüncələr həmin insanlarda havadan yaranmır, illərin təcrübəsi, mütaliə yatırları, yaşantıları, düşüncələri o qənaətləri formalaşdırır – Anar müəllim belə düşünürdü. Musa Yaqub isə eyni suala cavab versə və gəlib reankarnasiya məsələsinə – ağac olmağa çıxsa, cavabı başqa cür olardı. Cavabların fərqli olması çox təbiidir və hətta zəruridir. M.Yaqub üçün qarağac kimi yaşamaq da, küknar sayaq ömür eləmək də, onların təyinatı ilə dünyada var olmaq da maraqlıdır. O, məncə, ömrünü büsbütün təbiət kimi yaşamadığına görə bəzən heyfislənir: 

Bir yorğun torpağam dincə qoyulmuş,
Daha əkilməyim, biçilməyim yox.
Köhnə qarağacam içi oyulmuş,
Bir də körpülənib keçilməyim yox.

Musa Yaqub bəlkə də bir ağac yaxud, gileyli bənövşə kimi bir də yaşayacaq dünyamızda, onda daha dinc, daha yerində, elə əsl boşqabında olacaq. İnsan cənnətdən qovulub deyə daim o ünvanın intizarındadır. Komforta canatımın, rahatlıq iştahasının kökündə də elə cənnətə qayıdış xəyalı dayanmırmı? Musa Yaqubun ruhu təbiətdən qopub, ona görə də o, həmişə təbiət intizarındadır – ora meyllənir. Fəqət Musa Yaqub cənnətə qayıtmaq istəyənlərdən fərqli olaraq ömrü boyu heç bir sınaqdan, imtahandan keçmədən, öz cənnətinə – təbiətə könlü istədiyi vaxt qovuşa bilib. İnsanların cənnət haqqındakı təsəvvürləri daha çox bu dünya ilə bağlıdır. Bəşər övladı cənnəti də elə yaşadığı aləmin ən gözəl ünvanlarından biri kimi xəyal edir. Belə olmasısa çox təbiidir, çünki biz başqa bir aləmin varlığından praktik olaraq xəbərsizik, ona görə də Nizami haqlı olaraq deyirdi:

Çoxdur uzunumuz, enimiz ancaq,
Getməz xəyalımız dünyadan uzaq. 

Yəni bizim xəyallarımız ən uzağı nələrisə dünya ilə müqayisə eləməyə imkan verir və ona görə də adi həyatda uzunmüddətli məsələlərdən bezəndə sual edirlər ki, bəs görəsən, o dünyada insanlar cənnətdən, həmin aləmdəki bulaqlardan, hurilərdən, qılmanlardan da usanmayacaqlarmı? Düşünmürlər ki, gözəllikdən usanmaq, bu gün bəyəndiyinə sabah çəp nəzərlərlə baxmaq insanın bu dünyadakı əqidəsinə, dünyagörüşünə xas əlamətlərdir. Musa Yaqubun öz cənnətindən – ruhuna qovuşduğu təbiətdən bezmədiyini görəndə o dünyagir suala (insan gözəllikdən usanmayacaqmı?) cavabı daha qətidir: YOX. 

                                                 Hər yaşda...

Yalan söhbətdir, şairin yaşı olmur. İllər hamıdan aldığını alır, hər kəsə verdiyini verir, – heç nə təsirsiz ötüşmür. Bu qaçılmazlıqdan şairlər də yaxa qurtara bilməzlər. “Yel qayadan nə aparar?” deyə sual edirik. Fəqət yel qayadan hər halda nəsə aparır, ilk baxışdan sezilməsə də, gözlə görünməsə də... Şairin yaşı ciddi məsələdir, şair gərək hərdən qaçıb-qaçıb qəfil dayanan adam kimi ürəyinin döyüntüsünü bütünlüklə hiss edə, nəbzini duya, yoxsa köhnə havalar başından çıxmaz, nəticədə əvvəlki yaşlarının şeirini yazar, özü öz burulğanına düşər və başlayar ahəstə-ahəstə, gərəksiz yerə özünü təkrarlamağa – “şeir istehsalına”. Məsələn, 60 yaşındakı şair bir sevgi şeiri yazar, oxuyub deyərsən ki, bunu 15 yaşlı yeniyetmə, hələ ağzından süd qoxusu gedib, dünya tamı gəlməmiş bir həvəskar qələmə alıb. Musa Yaqubunsa şair kimi xoşbəxtliyi ondadır ki, onun şeirləri daim özüylə həmyaşıd olub. Xoşbəxtlikdən şeirlərinin altına tarix qoyub və o illərə baxıb, onun düşüncə alqoritmini izləmək, poetik nəfəsinin haradan-hara yüksəldiyini, müdrikliyinin qatbaqatlığını görmək olur – çox şey gözdən yayınmır, nəzərdən qaçmır. Məsələn, o, ömrünün müdrik çağında yazdığı “Zoğal ağacı” şeirində məhəbbətə gecikdiyini belə xatırlayır:

Çiçəkdə tələsən, barda gecikən,
Zoğal ağacıyam, zoğal ağacı.

Yetmiş yeddi yaşında yazdığı bu şeirdə “məhəbbətin yaşı olmur” yalanını ifşa edir Musa Yaqub. Gərək şairin məhəbbətə münasibəti onun yaşı ilə, dəyişən qənaətləri ilə birgə təzələnsin. Bu cəhəti Salam Sarvanın da son illərdə yazdığı bir şeirdə müşahidə etmək olur:

İndi mən bir qadının qaşına-gözünə yox, 
indi mən bir qadının taleyinə vurullam.

“Əbədi lirik” olmaq üçün gərək Lermontov, Yesenin yaşda dünyaya “əlvida” deyəsən – bu qənaətim “qızıl qayda” deyil, ancaq az-çox barışılası həqiqətdir. Bu həqiqətlə barışmasan, gərək bəzi “cavan ruhlu qoca şairlər” kimi hələ də kəllə suyu olan məhəbbət şeirləri yazıb, başını qatasan. Musa Yaqubsa öz ruhuyla, yaşıyla, addımlarıyla qəlbən, fikrən həmahəngdir və ona görə çox zaman (hər yaşda!) şeirlərini yaşın təravətiylə – təzə nəfəsiylə yazır:

Həsrətin üstündə, ey həyat quran,
Evin zəlzələdən titrəyirmi heç?

                                                   Olduğu kimi

M.Yaquba yaradıcılığının ilk mərhələsində yol açan, onu həvəsləndirən, ədəbi mühitə gələn yolunu kəsələşdirən şairlərdən biri də Məmməd Rahim olmuşdu. O Məmməd Rahim ki, Mikayıl Müşfiq tutulanda “qanlı yazısı”, tənəli “Kontrrevolüsioner, kontrabantçı, oğru…” məqaləsi çap olunmuşdu və orada M.Müşfiq haqda qəbir yerini nişan verən sözlər yazılmışdı: “Müşfiqin həyasızlığı oraya gəlib çatmışdır ki, o, Sovet Azərbaycanında heç bir yenilik görməyirdi... ..Bizə yabancı Müşfiq "Duyğu yarpaqları” şeirində "Bir üzüm qaradır, bir üzüm sarı” deməklə özünün ikiüzlülüyünü yaxşı göstərir”. M.Müşfiqi gedər-gəlməzə göndərən təkcə bu məqalə deyildi, çoxlu səbəblər və acı reallıqlar vardı. Hər halda. M.Müşfiqi ləkələməsindən də göründüyü ki, M.Rahim yaxşı şeiri də, şairi də tanıya, seçə bilirdi. İstedadı tanımağın belə naqis yolları da var. Bir dəfə bir şair mənə danışırdı ki, sovet dövründə yazdığım ən yaxşı şeirlərimi göndərirdim ədəbi jurnallara, dərc eləmirdilər, yazırdılar ki, bədii cəhətdən zəifdir, yaxud əsər üzərində işlənməlidir, ancaq elə ki, çoxları kimi “it gəldi, örkən apardı” yazırdım, boş-boş “şeir qoşurdum”, yazımı jurnalın hansısa nömrəsinə salırdılar. Yaxud da həmin şairdən seçmə şeir dərc edəndə ən dəyərli şeirləri vermirlərmiş. İstedadı sovet dövründə “it-bata salınan” həmin şairdə əminlik yaranırmış ki, deməli, o redaktor zövqlü adamdır, ən yaxşı bəndləri bilərəkdən salmır. Ancaq qan-qadalı illər sovuşandan sonra istedadlara münasibət dəyişib, qapılar nisbətən açılıb. M.Yaqubun ədəbi xeyirxahlarından biri M.Rahim olub və o, zamanında M.Yaqub barədə öz fikrini belə deyib: “Musa Yaqub təbiətin incəliklərini öyrənməyə çalışır, qalın meşələrin təravətini, quşların nəğməsini, bulaqların pıçıltısını, suların xoş səsini şeirə gətirir. Musa Yaqub təbiətin qoynunda hər şeyi canlı təsvir edir. Musa Yaqubun bir yaxşı cəhətini də qeyd etmək istəyirəm. O üç-dörd şeir yazandan sonra şəhərə qaçmağa çalışan gənclərin yolu ilə getməyib. O doğulduğu yerlərə ürəkdən bağlıdır, onun şeiriyyəti ilə qidalanır”. Yazının bu yerində M.Rahimə aid etmədən repressiya illərində “qələmi qana batmış” başqa bir şair haqqında müasir dövrümüzün dəyərli şairlərindən birinin fikrini xatırlatmaq istəyirəm: “Filankəs (repressiya illərini görmüş, həmin dövrdən o qədər də üzüağ çıxmamış qocaman şair) o qədər çox yaşadı ki, axırda yaxşı insan oldu”. Qayıdaq M.Yaqub məsələsinə... M.Yaqub hələ orta məktəbdə dərs dediyi illərdə yazdığı “İki qəlb, iki dünya” poemasını göndəribmiş M.Rahimə, o da poetik əsəri oxuyub, lazım bildiyi düzəlişlərini edib, qaytarıb ki, gənc şair əsər üzərində yenidən işləsin. M.Yaqub özündən təcrübəli şairin qeydlərini nəzərə alıb, onlara həssaslıqla yanaşıb. M.Rahim böyüklük göstərərək həmin əsəri “Azərbaycan gəncləri” qəzetinə təqdim edib. Poema əvvəlcə it-bata düşsə də (salınsa da) şair sonradan yaddaşı hesabına əsəri birtəhər bərpa edib və nəhayət, poema dövrü mətbuatda çap olunub. Əsəri nüfuzlu mətbuat orqanında görünəndən, oxucularla fəal təması yaranandan sonra M.Yaquba poeziyasevərlərin məktubları gəlməyə başlayıb və beləcə, artıq onun şair kimliyi həm ictimaiyyət, həm də ədəbi mühit tərəfindən təsdiqini tapıb. Ən əsası, bu poemanın çapından sonra onda özünəinam yaranıb, daxilən də özünü şair kimi qəbul etməyə, taleyini tanımağa, gələcəyini yaradıcılıq istiqamətində müəyyənləşdirməyə başlayıb. Yenə bir haşiyəyə çıxım: Vaqif Səmədoğlu müsahibələrinin birində deyirdi ki, “atamı 1937-ci ildə güllələsəydilər, 1939-da mən anadan olmayacaqdım”. Yəni Səməd Vurğunun poeziyamıza qazandırdığı Vaqif Səmədoğlu imzası bu və ya digər şəkildə ədəbiyyata xidmətdir. Səməd Vurğun o qanlı illərdən sağ çıxmasaydı, Qobustan qayaları da indi yox idi. İkinci Dünya Müharibəsindən sonra əsgərlərə ev tikmək üçün Qobustan qayalarını dağıtmaq istəyirmişlər. Bu tarixi abidəmiz ciddi təhlükə qarşısında imiş. Azərbaycanın ilk arxeoloq-etnoqraf alimlərindən biri İshaq Cəfər¬zadə də tədqiq etdiyi Qobustan qayalarının xilasına çalışırmış, amma Mircəfər Bağırov onun əl-ayağa düşməsindən xəbər tutan kimi gözünün odunu alıbmış: “Sən o qayalarda üç-beş cızıq tapmısan deyə mən Sovet əsgərlərinə ev tikməməliyəm?!”. Olanlardan yerli-yataqlı xəbər tutandan sonra bu dolaşıq, təhlükəli və “rəhbərin nəzarəti”ndə olan müşkülə Səməd Vurğun da qarışıb, hadisə yerinə gedib, buldozer sürənə güllə atmaq hesabına da olsa, qayaları xilas edib. Bu haşiyəyə ehtiyac ondan yarandı ki, repressiya dönəmindən salamat çıxan şairlərimiz ədəbiyyata da, tariximizə də yazdıqlarından savayı da qiymətli nələrsə veriblər. Buna görə də onlara düşmən gözü ilə baxmamalıyıq, yaxşı işlərini qiymətləndirməyi bacarmalıyıq, ittiham kürsüsünü boş qoymalıyıq. M.Rahimin həm də M.Yaquba yol açmasını, “əsərini düzəlt göndər” təkidini də yüksək qiymətləndirməliyik. Onsuz da yaxşı əməl yaxşı yerində, yaman işləklər yaman məqamında qalacaq. Dünənə düzəliş olunmur. Və bu ədalət imkan verir ki, hər kəsə öz həqiqi dəyərini verək... Kim nə edibsə, əməlləri onun taleyidir, insanın öz taleyindən xilası isə mümkünsüzdür. “Qurani-Kərim”in “Ət-Tur” (Dağ) surəsinin 21-ci ayəsində deyildiyi kimi: “Hər kəs öz əməlinin girovudur”.

                                          Təbiət xislətli

Musa Yaqub Azərbaycan ədəbiyyatına bəlkə də ən az impuls verən şairlərdəndir. Onun təsirinə düşmək, poetik nəfəsini təkrarlamaq, obrazlar sistemindən istifadə etmək, demək olar, mümkünsüzdür. Sanki şairlər, qələm adamları sövqi-təbii bu məsələni anlayıblar və bu qənaət çox adamı onun yolunu getməkdən, onunla poetik həmnəfəs olmaqdan uzaqlaşdırıb. M.Yaqubun şeirlərinin obrazları yox, poetik ruhu oxucunun mənəvi dünyasına hopur. Ona görə də haçansa onun yazdıqlarını xatırlayanda mövzularından daha çox, poetik ruhu qəlbimizdə, yaddaşımızda əks-səda verir.

Ona “təbiət şairi” deyirlər, bu fikirlə barışanlar da var, qarşı çıxanlar da, amma, zənnimcə, onun şeirləri özü bir təbiət hadisəsidir. Məhz bu məqam, şeirlərindəki bu təbiilik onun üslubunu təkrarlamağa imkan vermir. Necə ki Günəşə baxıb, onun kimi çıxa, yağışa baxıb onun kimi yağa bilmərik, eləcə də Musa Yaqubun şeirlərini oxuyub onu təkrarlamaq, üslubuna yaxın poetik nümunələr yazmaq müşküldən də müşküldür. Təbiət ram olunmayanda bir neçə nəfərin, əks halda isə hər kəsin olur. Məhz bu mənada Musa Yaqubun şeirləri hamı üçündür...

                                         Poeziyanın müşayiəti

Qocaman şairlərin əksərinin cavanlıq şeirləri dillər əzbəridir, təzə yazdıqları isə heç kəsin könlünə yatmır, kiminsə qəlbinə yol tapmır. Nə üçün belədir? Çünki çoxlarının yeni yazdıqları əksərən “mən sağam” xəbərdarlığının, “hələ ölməmişəm”, “nəfəsim tükənməyib”, “təbim rəvandır” təskinliyinin “poetik ifadəsi”dir, onlara şeir deməyə adamın dili dönmür. Ona görə də yazdıqları, daha doğrusu, yaza bilmədikləri ürəklərə yatmır. “Gücənərək” qələmə alınan o cızmaqaralar “kağız korlamaq” mərəzi ilə qol-boyun olub, cild-cild kitablara çevrilir. Amma Musa Yaqubun dillərdə gəzən şeirlərinə baxsaq görərik ki, onun sevilən şeirləri yaradıcılığının bir dövrü ilə bağlı deyil. O, ömrünün hər on illiyində dillər əzbəri olan neçə-neçə şeirlər yazıb. Özü də o şeirlər ən müxtəlif zövq sahibləri tərəfindən sevilir. “Bu dünyanın qara daşı göyərməz” (1977), “Niyə gəlmisən?” (1982), “Eləmədiklərim yandırar məni”, “Arxayın olsam” (1987) , “Burax məni, çıxım gedim azadlığa” (1997), “Nə olacaq, olacaq” (2010), “O nə sevda idi?” (2012). Misalları artırmaq, dillər əzbəri olan şeirlərin sırasını uzatmaq, başqa məşhur şeirlərinin də adlarını çəkmək mümkündür. M.Yaqub ədəbi mühitdə sanki bir həmrəylik simvoludur. Onu hamı sevir, onun adı gələndə hamı bir nəfər kimi xoş sözlər deyir. Sözümün canı odur ki, Musa Yaqub yaradıcılığının bütün dövrlərində maraqlı imza olmağı, fərqli şeirlər yazmağı bacardı və ən əsası, heç zaman şair kimi tükənmədi, poetik nəfəsi təngimədi. Çünki o, nəfəsini ədəbi mühitin meyarlarına deyil, qəlbinə və ömrünə köklədi. Ona görə də hər yaş, düşdüyü hər durum, yaşadığı hər ağrılı hadisə ona öz uyğun, təbii şeirini yazdırdı. Nəticədə yaşadıqca istədiyi kimi yaza bildi, köhnə şöhrətin mürgüsündə xoşhallanmadı. Şair olmaq yaradılışla bağlı qeyri-adi hal olduğu kimi, son nəfəsinəcən şair qalmaq həm də istedad möcüzəsidir. Yuxarıda dediyimiz qəlbinə köklənib yaşamaq məsələsini də bir başqa həyati örnəklə qüvvətləndirmək istəyirəm. M.Yaqubun yaşı 80-ni keçsə də, hələ bəyaz telləri qaraları üstələməyib. Bunun niyə belə olmasını onun özündən soruşublar, cavabı bəs qədər tutarlı olub: “Çoxları yazanda başı ilə düşünür, mən isə ürəyimlə. Saçım ona görə ağarmayıb”.

                                                   Nəzirə

XII yüzillikdə Osman Muxtari adlı şair “Şin” hərfi ilə tamamlanan qəsidələr yazıb və onlar “qəsideyi-şiniyyə”lər adlanır. Sonra da eyni üslubda çoxlu qəsidələr qələmə alınıb, amma çoxlarının qələmə aldıqları Xaqani Şirvaninin “Qəsideyi-şinniyə”sinə cavab kimi yazılıb, çünki o tipli əsərlərin içində ən məşhuru, impulsverəni Xaqaninin qələmindən çıxandır. Tədqiqatçıların araşdırmalarına görə, 40-dan artıq şairin bu səpkidə qəsidəsi var. Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Əbülqasım Şirazi Əmri, Füzuli və s. şairlər “şiniyyələr” qələmə alıblar. Həqiqətən də, gözəl ənənədir və qələmini bərkə-boşa salmaq, keçmişlə cavablaşmaq sarıdan da, şairin istedadının gücünü bəlli poetik qanunlar içində sınağa çəkmək baxımından da maraqlı yaradıcılıq yoludur. Akademik Rafael Hüseynov “Söz heykəli” kitabında bu barədə ətraflı yazıb.

Müasir dövrdə isə ən çox nəzirə, cavab yazılan şeir Musa Yaqubun “Bu dünyanın qara daşı göyərməz” şeiridir. Bu şeir çağdaş dövrün “Qəsiddeyi-şinniyə”sidir. Məmməd Araz, Şahmar Əkbərzadə, Ramiz Qusarçaylı, İsmayıl Öməroğlu, Faiq Qurban, Xaliq Yusifoğlu, Xatın, Telman Nəzərli, Eldar Səfa Şahvələdli, Sərvər Şahbəyli, Rafiq Akif, Simran Həsənov, Gündüz Cəlilov, Zaur Əsgərov, Fəxrəddin Teyyub, Müşfiq Cəbiyev, Şahməmməd Dağlaroğlu, Mürvət Qədimoğlu, Cabir Umud, Tərlan Saleh, Mahirə Nağıqızı, Mirəli İsmayıllı, Taleh Elsevən və s. şairlər bu şeirə nəzirələr yazıblar. Hələ neçə-neçə şeirin də epiqrafı kimi “bu dünyanın qara daşı göyərməz” fikrindən istifadə olunub.

Musa Yaqub “Bu dünyanın qara daşı göyrəməz” deyib, ancaq həmkarlarından, digər şairlərdən aldığı cavablar fərqlidir, cavab şeirlərinin təkrarlanan misraları cürbəcürdür: “Bu dünyanın qara daşı göyərər”, “Qardaş, təki qara daşlar göyərsin”, “O daş göyərərmi, ay Musa Yaqub?”, “Dünyanın bir qara daşı mənimdir”, “Bu dünyada göyərməmiş nə qaldı?”, “Qara daşın göyərəsi vaxtıdır”, “Qəm eləmə, göyərəcək o daşlar”, “Göyərməsin qara daşı dünyanın” və s. Misralardan da göründüyü kimi, Musa Yaqubdan ilham alan şairlərin biri o daşın göyərəcəyinə ümidlidir, digəri, ümumiyyətlə, nikbinlikdən əlini üzüb, birində inam var, digəri yaxasını cavabsız sualların əlinə verib... M.Yaqubun şeirləri hər şairə bir başqa formada təsir edib, çünki onun şeirləri diktə etmir, hökm vermir, nəticədə o şeirin ruhuna köklənən hər şair – ən tanınmışından həvəskarına qədər özlərini asudə ifadə edirlər. Əksər şairlər yazaraq daxilindəki duyğudan azad olur, müstəsna şairlər isə öz azadlığını şeirlərinə bağışlayır. M.Yaqub azadlığını şeirlərinə bağışladığı üçün o ona cavab yazan hər şair o şeiri öz ruhuna uyğun poetik formaya salıb. 

O şeirin – “Bu dünyanın qara daşı göyərməz”in yazılma tarixçəsini isə M.Yaqubun öz dilindən eşidək: “Mən Əhmədli qəsəbəsində qalanda axşamlar bizim pəncərəyə işıq düşürdü. Yaxınlıqda əhəng daşı yandırırdılar. Səhərəcən o daşların səsini eşidir, onların necə əziyyət çəkdiyini hiss edirdim. Daşlar yandıqca qaralır, sonra ağarırdı. “Əhəng daşı” adlı şeir də yazdım. Amma ürəyimdə yenə nəsə qaldı. Zaman-zaman deyilə-deyilə, hallana-hallana, canımda-ruhumda bişə-bişə gəlib, belə bir şeirə döndü o duyğular. Mən o şeiri yazmadım. Eləcə ayağa qalxıb, Sabir adına kitabxanadakı məclislərin birində oxudum. Qabil də hamı kimi ilk dəfə bu şeiri orda eşitmişdi”. Onu da qeyd edim ki, M.Yaqubun “Qabil də hamı kimi ilk dəfə bu şeiri orda eşitmişdi” ifadəsinin arxasınca düşəsi olsaq, maraqlı bir tarixçəyə rast gələrik. Deyilənlərə görə, Oktyabr inqilabının yubileyi ilə əlaqədar şeir gecəsi keçirilirmiş. Elə bu zaman Qabil Mirzə İbrahimova yanaşıb ki, Musanın əla bir şeiri var, qoy oxusun. Bədbinlik ifadə edən şeirin yubiley günü yerinə düşməyəcəyindən ehtiyat edən Musa Yaqub başqa şeir oxumaq istəyib. Amma Qabilin təkidilə məhz o şeiri oxuyub. Şeir oxunandan sonra hamı donub qalıb. Bu vaxt Rəsul Rzanın səsi gəlib: “Əla şeirdir!”. Yalnız bundan sonra zal şairi alqış selinə qərq edib”.

                                                      İşıq rəngi

Musa Yaqubun siyasi, ictimai motivli, ayrılıq mövzulu şeirləri bəs qədərdir. Bu mövzulu şeirlərdə, adətən, kin-küdurət, giley, Allaha, bəxtinə üsyan olur. Amma Musa Yaqubda əksinədir, o, siyasi mövzuda yazanda da, ictimai məsələləri, sosial narahatlıqlarını qələmə alanda da nikbin duyğularını yazır. Arzulayır ki, insanlarımız daha ədalətli, xoşbəxt, bir-birinin dərdinə yanan olsunlar, heç kəs özgəsinin adının üstündən qələm çəkməsin, kimsə kiminsə yerini tutmasın, biçarələr əzilməsinlər, köməksizlər əlacsız qalmasınlar, çatışmazlıqlar aradan qalxsın, müşküllər həllini tapsın. Bir sözlə, M.Yaqubun şeirləri kin püskürmür, ümidsizlik saçmır, hər şeyi qaraya boyamır. Onun dünyaya, itkilərə qəzəbinin, hikkəsinin ömrü uzun deyil, amma şeirlərindən hiss olunur ki, onu narahat edənlər yaddaşından tam silinmir. Bu hal isə onun kinli olması ilə bağlı deyil, sadəcə həllini gözləyən problemlərin illərdən illərə miras qalması, tam şəkildə aradan qalxmaması, elə hey eyni bəlalarla çarpışmağımız M.Yaqubu oxşar məsələlərə təkrar-təkrar qayıtmağa sövq edir:

İndi yaşamaq da bir oyun olub,
Nə olsun – ağlımız, ruhumuz oyaq,
Bu namərd dünyayla qolboyun olub,
Dünyanın mərdiylə yaşamalıyıq.
Bir ömrün dərdiylə yaşamalıyıq.

Bir başqa misal:

İxtiyar sahibi dostlar görmüşəm,
İstəsə yox edər hər çətinimi.
Amma stolları önündə bir dəm
Bitmək istəmirəm bir ağac kimi.
Bəlkə, heç dediyim göyərməyəcək,
Kiminsə cavabı sərt olacaqsa,
Sözüm qalacaqsa, əldə, ayaqda,
Mənimçün bu da bir dərd olacaqsa,
Qoy qalsın bir yana “baxım”, “görüm” də,
Stollu, möhürlü dostlarım haqda
Qalım o əvvəlki təsəvvürümdə,
Qalım o əvvəlki sədaqətimdə.

Musa Yaqub narazı qaldıqlarından yox, razı qaldıqlarından ustaca yaza bilir, ona görə də onun təbiət, dünya, sevgi haqqında yazdıqları, siyasi, ictimai motivli şeirlərindən güclüdür. Millət vəkili seçiləndən sonra M.Yaqubun poeziyasında ictimai mövzulu şeirləri daha da artdı. İctimai motiv, millətin taleyi ilə bağlılıq onun uşaqlıqdan alın yazısı idi. Belə ki, onun adını atası Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Müsavat qoyubmuş. Sonralar “vat”ı atıblar, adı eləcə Musa qalıb. Amma o yenə də itirməyib – peyğəmbər adını daşıyıb. Özü də Kəlamullah ləqəbli bir peyğəmbərin adını. Elə bir peyğəmbərin adını ki, dahi Füzuli özünü ona bənzədərək deyirdi:

Mən şairi-Museyi-kəlaməm,
Sahirlərə möcizi-təmaməm.

                                               Sadəliyin sehri

Bizim müasir şairlərin çoxu ölümə vurğundurlar – kəfəndən, cənazədən, itkidən, qəbirdən yazmaq onlar üçün adiləşib. Qınamıram, ruhlarını o mövzularda daha rəvan ifadə edə bilirlər və ona görə də həmin mövzulara dönə-dönə müraciət edirlər. Nazim Hikmət demişkən, “nə ölümdən qorxmaq ayıb, nə də düşünmək ölümü”. Amma bəzi “poetik qəbiristanlıq qarovulçuları”nın ölümlə, itkiylə bağlı şeirlərindən qətiyyən fanilik ətri gəlmir, onların yazdıqları dünyanın gəldi-gedərliyini, puçluğunu anlamağa kömək etmir, o cür şairlərin yazdıqları əvvəl-əvvəl kimlərəsə xoş gələ bilər, ancaq sonradan çoxluq dərk edir ki, onlar böyük şair deyillər, sadəcə ölüm naturalistləridir. Musa Yaqubunsa ölümün mahiyyətini açan, dünyadan dörd əllə yapışmağın əbəsliyini anladan çoxsaylı şeiri var.

O digər mövzularla nisbətdə ölümdən çox az yazıb. Ayrı-ayrı itkilərə, nakam talelərə, solan ağaclara həsr edilən şeirləri var, amma ölüm onun üçün əsas mövzu deyil. O, həyatın mənasını yaşamaqda görür. M.Yaquba qədər şeirimiz daha çox təbiətin əlamətlərini insanın üzərinə köçürməklə məşğul idi, M.Yaqub isə həm təbiətin əlamətlərini insana, həm də insanın əlamətlərini təbiətə şamil etdi. Çoxlarının təbiət şairi dediyi M.Yaquba qələm dostu Qabil çox gözəl ad verib: “Şeirimizin Səttar Bəhlulzadəsi...”. Həm xaraktercə, həm də sadəlikdəki dahilik sarıdan çox dəqiq müşahidə, dürüst oxşarlıqdır. Bu sadəlik məsələsindən ilk duyuq düşən və dəqiq qiymətini əsirgəməyən, sərraf nəzəri ilə həmkarını qiymətləndirməyi bacaran Bəxtiyar Vahabzadə olub: “Yeniliyi dolaşıqlıqda, qeyri-müəyyənlikdə, abstraksiyada deyil, aydınlıqda, müəyyənlikdə və real həyatda axtarmaq lazımdır. Musa Yaqub bu yolun yolçusudur”. 

                                            Adlamaq hünəri

Musa Yaqub eyni mövzularda ilişib qalmayıb, onun poetik mövzuları o qədər rəngarəngdir ki, sanki onu narahat edən, qəlbinə toxunan, sevgisini qazanan hər şeyi şeirə çevrilə bilib. Onun kitablarının mündəricatına baxmaq kifayətdir ki, nə qədər geniş poetik dünyagörüşünə malik olmasını anlayasan. Ağacdan, otdan, gül-çiçəkdən tutmuş sədaqətsiz dostlara, məhəbbətdən tutmuş dünyanın faniliyinə, milli dərdlərimizdən tutmuş valideyn itkisinə, Allah mövzusundan tutmuş sosial ədalətsizliyə qədər geniş mövzu diapazonu Musa Yaqubun geniş nəfəsindən, hərtərəfli dünyagörüşündən xəbər verir. Onun şair kimi əsas üstünlüklərindən biri də məhz elə eyni mövzularda sabitqədəm olmamasıdır. O nədən, kimdən yazmasına baxmayaraq, mövzunun sahibi olmaq, yazdığının mahiyyətini dərk etdirmək hünərindədir deyə onun yaradıcılıq miqyası aydın görünür. Musa Yaqubun yaradıcılığı görüntü xatirinə əhatəli deyil. O, şeirlərinin altına tarix yazıb və bu da onun keçdiyi yaradıcılıq yolunu göstərir. Amma onun şeirlərinin yazılma tarixlərini izləyəndə istər peşəkarlıq, istərsə də poetik nəfəsin genişliyi sarıdan demək olmaz ki, Musa Yaqub çox dəyişib, ya çox püxtələşib, yaxud da getdikcə peşəkarlığı artıb. Lakin onu da demək olmaz ki, şair yerində sayıb. Onun yaradıcılığı dünya kimidir, dünya əzəldən necədirsə, elə də qalıb, dəyişən insanlardır, mühitdir. M.Yaqub da ötən əsrin 60–70-ci illərindəki gur poetik nəfəsi, rəvan təbi, vəzni incitməyən üslubu ilə həmişə öz havasındadır. Mövzularının rəngarəngliyi, düşüncə sisteminin fərqliliyi onun dəyişməməsinin hansısa kəsir, çatışmazlıq kimi meydana çıxmasının qarşısını alıb. Əlbəttə, daxili təmizliyini qoruması, nifrətdən, kindən uzaqlığı, saflığı da onun şair kimi inkişafında çox böyük rol oynayıb. 

                                                Parodiya

Musa Yaqubun sadiq, ürək qızdırdığı dostlarından biri də mərhum yazıçı, şair Çingiz Ələkbərzadə idi. Xatirimdədir ki, uşaqkən onun “Türmə mənim ahımdır” adlı şeirlər kitabını oxumuşdum və o nəşrdəki ağrılı poetik nümunələr, həbsxanadakı yatmış saata yazılmış “Yeddiyə beş “dəyqə” qalıb” şeiri onun hansı təlatümlü günlərdən keçdiyini aydın göstərirdi. M.Yaqubla Çingiz Ələkbərzadənin başına qəribə olaylar da gəlib. Bir dəfə xarici ölkədən gələn Musa Yaqub evə zəng edəndə qızlarına deyib ki, sizə iki çamadan hədiyyə almışam. Uşaqlar da həsrətlə gözləyirlərmiş ki, atamız evə əlidolu gələcək. O gecə iki dost Kürdəmirdə qalıblar və gecə çamadanları oğurlanıb. Evdə gözləri yolda olanları indi özünüz təsəvvür edin. 

İçkini qəlbən sevən dostların bir-biri ilə xoş zarafatları da varmış və bu şuxluqlar məqam düşəndə parodik şeirə də çevrilirmiş. Azərbaycan poeziyasında daxili təbəddülatın, tərəddüdün, seçim etməyin çətinliyinin ən gözəl örnəyini Musa Yaqub yazıb. Haqqında danışdığım şeir “Gördüm yolayrıcında” adlanır. Xeyrin nədə olması, yaxşının doğrudanmı gərəkliliyi, arzulara çatmağın insanı həqiqi səadətə çatdırıb-çatdırmaması bu şeirdə tərəddüd keçirən poetik qəhrəmanın dili ilə verilib. Və bu şeir hökm vermələrin, təsbitlərin əleyhinə yazılıb. Dünya poeziyasında parodik şeirlərin çox gözəl örnəkləri var. Əfsus ki, bizim ədəbiyyatda bu cür şeirlər “daşlaşmış beyinlər”in düşüncəsinə görə qəbuledilməzdir, çox zaman hörmətsizlik kimi başa düşülür. Ç.Ələkbərzadə isə M.Yaqubun “Gördüm yolayrıcında” adlı şeirinə dost ərki ilə bir parodiya yazıb və içkinin qarşısındakı tərəddüdlərini, “gillədib-gillətməmək” barədəki götür-qoylarını xoş ovqatla dilə gətirib. Həmin poetik nümunə “Araq düşkününün dilindən” adlanır. Hər iki şeiri sizə təqdim edirəm: 

Musa Yaqub: Gördüm yolayrıcında

Gördüm yol ayrıcında bu nə süfahi daşdı.
Yəqin yol gedən deyib daş yoldaşla adaşdı.
Dünyanın bir ucu toy, bir ucu da savaşdı,
İlahi, mən bu daşı götürüm, götürməyim?

Bir dərya sularında yüküm olacaq isə,
Bir səhra küləyində çəkim olacaq isə,
Şeytan üçün tüfəngim, cəngim olacaq isə,
İlahi, mən bu daşı götürüm, götürməyim?

Bir əl yetməzliyində bəlkə mənə köməkdi,
Budaqda ruzim olsa, bir qarış boy deməkdi.
Yerim cənnət bağısa, daş nəyimə gərəkdi,
İlahi, mən bu daşı götürüm, götürməyim?

Özümlə nə döyüşüm, özümlə nə vuruşum?
Burda köhnə izlərin cığırı ot, yeri şum.
Daha bu yoldan geri dönən yox ki, soruşum:
İlahi, mən bu daşı götürüm, götürməyim?

Saxlamaq da çətindi, aparmaq da azardı,
Tale bu bilməcəni görən necə yozardı?
Bu necə gəl-getdi bəs, eh, bu necə bazardı,
İlahi, mən bu daşı götürüm, götürməyim?

“Ömrümün sarayından gündə bir kərpic düşər”,
Min belə kərpic düşə, torpağa nə güc düşər?
Ömrün karxanasında bəlkə bir az gec bişər,
İlahi, mən bu daşı götürüm, götürməyim?

Çingiz Ələkbərzadə: Araq düşkününün dilindən 

“İlahi, mən bu daşı götürüm, götürməyim”

 M.Yaquba (nəzirə)

Gördüm yolayrıcında, nə gözəl restorandı,
Yəqin yol gedən deyib, araq cana dərmandı.
Özüm də vurmayıram olar xeyli zamandı,
İlahi, bu xanəyə mən girim, ya girməyim?

Yarım araq şüşəsi məni yıxacaq isə,
Gözlərimin içinə ölüm baxacaq isə,
Əlim cibə girəndə canım çıxacaq isə,
İlahi, bu xanəyə mən girim, ya girməyim?

Araq dükandan olsa, mənə xeyli köməkdir,
Zakuskası çujoysa, o gün bayram deməkdir.
Əgər dost yanımdasa, şot nəyimə gərəkdir,
İlahi, bu xanəyə mən girim, ya girməyim?

Özümlə nə döyüşüm, özümlə nə vuruşum,
Elə gillədirəm ki, başımda qalmır huşum.
A pullu dost, dur görüm, səndən bir söz soruşum,
İlahi, bu xanəyə mən girim, ya girməyim?

Vurmamaq da çətindi, vurmaq da lap azardı,
Ofisiant bu şotları, görən, kimə yazardı?
Nə gözəl vur getdi bu, vallah, əcəb bazardı,
İlahi, bu xanəyə mən girim, ya girməyim?

Bu araq dənizində, bədən ölü, ruh ayıq,
Görən, hara aparır, məni bu şüşə qayıq?
O hansı xanədir ki, orda dayanmalıyıq?
İlahi, bu xanəyə mən girim, ya girməyim?

Ardı var...