AXCP dağa qalxdı - Foto

axcp-daga-qalxdi-foto
Oxunma sayı: 773

“Qafqazinfo” “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, partiya rəhbərliyinin və 50-dən artıq fəalın qatıldığı konfransda “veteran” cəbhəçi İbrahim İbrahimli də olub. AXCP sədri Əli Kərimli isə Quba səfərində yox idi.

AXCP sədrinin xaricə çıxışını saxta pasport qadağası ilə əngəlləyən hakimiyyət əyalət səfərlərinə də özünəməxsus barbarlıqla qadağa qoyub. “AXCP sədri Əli Kərimlinin konfransda iştirak etməməsi ötən ilin xoş olmayan acı təcrübəsi ilə bağlıdır. 2009-cu ildə Əli bəylə birgə Qubada bayram tədbiri keçirmək istəyərkən polis bizə meşədə oturmağa belə, imkan vermədi”- partiya sədrinin müavini Gözəl Bayramlı məsələni belə qısa izahla aydınlaşdırır.

Cəbhəçilər konfransdan öncə Qubada ötən illərdə aşkarlanan soyqırım məzarlığını ziyarət etdilər. Konfransa aparıcılıq edən G.Bayramlı bildirdi ki, ildönümlə əlaqədar tədbirlər sırasında rəhbərlik məqsədyönlü şəkildə belə bir format seçib: “Düşündük ki, bizim də təbiətin qoynunda istirahət edə-edə müzakirə aparmaq haqqımız var”.

G.Bayramlının sözlərinə görə, yay boyunca bu cür tədbirlərin keçirilməsi davam edəcək.
Konfransın əsas məruzəsini AXCP sədrinin müavini Fuad Qəhrəmanlı etdi. “AXCP dünən, bu gün, sabah” mövzusunda olan məruzədə natiq AXC-nin yaradılma zərurəti, milli dövlət quruculuğu uğrunda və vətən torpaqlarının müdafiəsində fəaliyyətindən danışdı. AXCP-nin torpaqların müdafiəsi üçün 5 min nəfərə qədər şəhid, avtoritar Əliyev rejimi ilə mübarizədə isə 1000-dən artıq siyasi məhbus verdiyini deyən natiq bu gün də təşkilatın fəal və prinsipial siyasətindən bəhs etdi.

AXCP funksionerləri İlham Hüseynli, Rövşən Quliyev məruzədə səslənən fikirlər ətrafında çıxış etdilər. Hər bir çıxışçı AXCP ilə bağlı xatirələrini də iştirakçılarla bölüşdü.
İbrahim İbrahimli çıxışında cəbhəçilərin mübarizliyinə daim heyranlıqla baxdığını dedi. O, AXCP başda olmaqla milli demokratik qüvvələrin son aylarda çox ciddi dəyişikliyə nail olduğunu bildirərək dedi ki, hələlik avtoritarizm şüurlarda yıxılıb, yaxınlarda isə o, real həyatda da yox olacaq.