“Bu adi bir küçə qapısı deyil”

bu-adi-bir-kuce-qapisi-deyil
Oxunma sayı: 671




“Dağlıq Qarabağ Türkiyənin qanayan yarasıdır”. Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Səfir baş nazirin Azərbaycana səfərini yararlı və tarixi ziyarət olaraq dəyərləndirib. O, Dağlıq Qarabağ məsələsinin görüşün əsas müzakirə obyektlərindən olduğunu bildirib: “Türkiyə dövləti məhz Dağlıq Qarabağa görə 18 il əvvəl Ermənistan ilə sərhədi bağladı. Dünyada belə bir nümunə yoxdur. Heç bir dövlət başqa bir dövlət üçün öz qapısını bağlamaz. Bunun nə qədər mühüm bir şey olduğunu anlamaq lazımdır. Bu adi bir küçə qapısı deyil”. Səfir bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması üçün ilk növbədə Azərbaycan-Ermənistan problemini həll etmək lazımdır: “BMT-nin işğal olunmuş Azərbaycan ərazisi ilə bağlı 4 qərarı var. Ərazisinin 20%-i işğal olunub, bir milyondan çox qaçqını var. Azərbaycan hər zaman haqlıdır. Biz də güclüyük. Haqlı olan tərəf hər zaman güclüdür”.

Viza məsələsinə də toxunan səfir Azərbaycanın mövqeyinə hörmətlə yanaşdığını və qarşı tərəfin hazır olduğu zaman viza rejiminin ləğv olunacağını qeyd edib. Prezident İlham Əliyevin PKK ilə bağlı açıqlamasını yüksək qiymətləndirən Hulusi Kılıç bu açıqlamadan Türkiyə dövlətinin məmnun qaldırdığını diqqətə çatdırıb.

Səidə