Beş qadından dördünə tamah salan ərəblər...

bes-qadindan-dordune-tamah-salan-erebler
Oxunma sayı: 1477

Nərmin Dadaşova

 Artıq neçə aydır ki, Bakıya tökülüşmüş əmmaməlilərdən- ərəblərdən gileylənirik.   Şəhər  dizə qədər ərəblə dolub.  Ticarət mərkəzləri, otellər, marketlər, restoranlar, kafelər... Hətta vəziyyət o həddə çatıb ki, bəzi restoran rəhbərliyi tənbəllik etməyib menyularını ərəbcəyə tərcümə ediblər.  Deyilənə görə əmmaməlilərin və qara çadralıların sıx birləşdiyi məkan,  məni ab-havası  ilə hər daim sıxan bizim “Tarqovu” dediyimiz  Nizami küçəsidir. Üzü gecəyə dönən kimi, Tarqovu  BƏƏ-yə dönür. Bizimkilər də olur onların qonağı.  

Ərinməyib internetdə kiçik bir araşdırma apardım, son bir neçə ildə ölkəmizə üz tutmuş  ərəb turistlərin verdikləri müsahibələri izlədim,  sonra feysbukdan onlara  məxsus olan profilləri açıb bircə-bircə baxdım.  Və  anladım. Anladım ki, Bakıda niyə hara daş atsan məhz ərəbə dəyir. 

Müsahibələrdə jurnalist həmkarlarımın “Niyə istirahət etmək üçün Azərbaycanı seçmisiniz?” sualına ərəb qardaş-bacılarımızın cavabı  demək olar ki, eyni idi, oxucu dost.  Hamısı bir ağızdan, Azərbaycanın gözəl təbiətinə vurğun olduqlarını, qiymətlərin münasib (!),  yeməklərin dadlı olduğunu  deyir və ən əsası da təmizkarlığımızdan  razılıqlarını bildirirdilər. Uca Şirvin! Oturduqları hər kafe-restoranı  Balaxanı zibilliyinə çevirən insanların üz tutduqları yerdən məhz  təmizlik umması  nə qədər kədərlidir. Məsələn, Halim adlı bir ağsaqqal eynən belə cümlə qurmuşdu  müsahibəsində:“ Ən çox diqqətimizi çəkən otellərdə, yeməkxanalarda olan təmizlik oldu” Atam, əgər doğrudan da belə titiz, təmizlik düşkünüsünüzsə, niyə  elektrik samovarında sosiska qaynadırsız? Niyə kirayələdiyiniz gündəlik evlərin  blokunu zibil yeşiyinə, otelin vanna otağını murdarxanaya  çevirirsiz?  

  Açığını deyim, oxucu dost, qara çadraya bürünən adam haqqında heç vaxt işıqlı heç nə düşünə bilməmişəm. Həmişə onlardan qorxmuşam, ehtiyat eləmişəm. Niyəsə belələri gözümə hər an partlaya biləcək canlı bomba kimi görünürlər. Özləri bir tərəfə, yanlarında gətirdikləri beş-altı yaşlı körpə-körpə qızları da bulaşdırıblar qara əmmamələrinə. Yanlarından keçən beş qadından dördünə tamah salan  bu insanların, öz qızlarını süd dişlərini tökməmiş bürüməsi onların baxış açısından başa düşüləndir əslində.

 Dəvəni bütöv qızardıb yerə sərdiyi süfrənin üstünə yıxıb parçalayan, düyünü ovuc-ovuc  yeyən,  ictimai yerdə bərk danışan, bərk gülən,  ətrafındakı insanları narahat etməkdən zərrəcə olsun çəkinməyən, pulu olub zövqü olmayan bu adamların bizdən etdiyi bir razılıq da qonaqpərvərliyimizdir. 

Neçə vaxtdır mətbuatda  millət vəkilindən bəstəkarına, şairindən müğənnisinə  - hamını bir birinə vurmuş rayonlu-şəhərli qalmaqalını xatırladım birdən. Ərəblərə qonaqpərvər davranan şəhərlilərimiz, öz millətinin əyalət adamlarından yorulublar, oxucu dost. 

  Çox  ümid edirəm, onlar özləri ilə gətirdikləri qara-qura mədəniyyətlərini bizim üst-başımıza hopdurmamış çıxıb gedəcəklər ölkələrinə.  

Sağlıqla qalın!