“Gedin, asfaltı yalayın”

gedin-asfalti-yalayin
Oxunma sayı: 661

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iş başına gələndən bəri bir-birindən maraqlı ifadələri, jurnalistlərə cavabları, onu tənqid edənlərə əcaib reaksiyaları ilə yadda qalıb. Ancaq hörmətli merin budəfəki reaksiyası tamamilə bənzərsiz və orijinal olması baxımından diqqət çəkir.

H.Abutalıbov bir vaxtlar onun fəaliyyətinə tənqidi yanaşan müxalifət qəzetlərini hədəfə alması, onların yayımına problem yaratması ilə diqqət çəkirdisə, artıq o, rəsmi qəzetlərin əməkdaşları ilə də sərt danışır. Son günlər paytaxtdakı infrastrukturun iflic vəziyyətə düşməsinin, yollardakı bərbad vəziyyətin günahkarlarından biri kimi adı daha çox hallandırılan Bakı meri, bu dəfə Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin əməkdaşına bərk təpinib. Demək, jurnalist paytaxt küçələrinə heç olmasa Masazır duzunun və Hövsan qumunun nə səbəbə səpilməməsinə aydınlıq gətirmək üçün icra başçısına zəng edib. Sualı dinləyən mer isə küçələrə duz səpildiyini sübuta yetirmək üçün “əgər mənə inanmırsınzsa, gedin, asfaltı yalayın” deyə, cavab verib. Doğrudur, merin cavabı rəsmi qəzetdə dərc olunmayıb. Görünür, qəzet rəhbərliyi və əməkdaşları merdən bu cavabı gözləmirmiş. Ancaq məlumatlı mənbənin dediyinə görə, H.Abutalıbovun parlamentin rəsmi orqanına qəzəbi sonsuz olduğu üçün onun əməkdaşına “duzlu məsləhət” verib.

Qeyd edək ki, “Azərbaycan” qəzetində bir sıra məmurlarla yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının da fəaliyyəti vaxtaşırı tənqid atəşinə məruz qalır. Hətta bu ilin yanvarında Mətbuat Şurasının 2011-ci ildə gördüyü işlərə dair hesabat konfransında “Azərbaycan”ın baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Bakı Şəhər İcra Hakimiyyətinin həm köşklərdə satışa, həm də səyyar yayıma maneə törətdiyini açıq şəkildə bildirmişdi. Ötən ilin payızında isə Xırdalan yolunda yaranmış və saatlarla davam edən avtomobil tıxacına görə də qəzet H.Abutalıbovu bərk tənqid etmişdi.

“Azərbaycan” qəzetinin jurnalistinə dedikləri ilə bağlı, həmçinin paytaxt küçələrindəki durumla əlaqədar Hacıbala Abutalıbovun özünün mövqeyini öyrənməyə çalışdıq. Lakin merin mobil telefonunu açan xanım “Hacıbala müəllim şəhərdədir” dedi və telefonu qapatdı.