İlham Əliyev Ərəb Liqasını dəstəklədi

ilham-eliyev-ereb-liqasini-destekledi
Oxunma sayı: 636

Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan bayramı münasibəti ilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib. “Qafqazinfo” Azərtaca istinadən xəbər verir ki, tədbirdə çıxış edən İ. Əliyev bildirib ki, Azərbaycanın müsəlman ölkələri ilə sıx əməkdaşlığı var. Hazırda bu əlaqələr ikitərəfli formatda bütün sahələri əhatə edir və daha da genişlənir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində müsəlman ölkələrinin dəstəyini qeyd edən dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də rəsmi Bakı daim müsəlman ölkələrinin dəstəyini hiss edir.
Azərbaycan Prezidenti deyib ki, dünyada Xocalı soyqırımını rəsmən tanıyan ilk ölkə də məhz müsəlman ölkəsi - Pakistan olub. Buna görə bu ölkənin rəhbərliyinə minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, ATƏT işğal olunmuş ərazilərə faktaraşdırıcı missiya göndərmiş və onlar da ermənilərin məscidləri və digər müqəddəs abidələri məhv etdiklərinin şahidi olublar.
Dövlət başçısı bildirib ki, Azərbaycan İslam həmrəyliyinə böyük əhəmiyyət verir və Bakının da İslam mədəniyyətinin paytaxtı elan edilməsi İslam aləminin ölkəmizə verdiyi böyük dəstəkdir. “İslam dəyərləri bizim üçün əzizdir, doğmadır. Bizim milli dəyərlərin təməlində İslam dəyərləri dayanır”, - deyən Prezident İlham Əliyev İslam aləminin həmrəyliyinin əhəmiyyətinə toxunub. Azərbaycan Prezidenti bütün müsəlman ölkələrinə sülh arzulayıb. Yaxın Şərqdə gedən proseslərlə bağlı dövlət Ərəb Liqasının mövqeyini dəstəklədiyini vurğulayıb. Dünyada İslam haqqında yayılan şayiələrə qarşı birgə mübarizə aparmağın önəminə də toxunan Prezident deyib: “İslamı terror ilə bağlamaq cəhdləri böyük günahdır, böyük cinayətdir”.

Sonda dövlət başçısı qarşıdan gələn Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərlərinə öz ölkələrinin dövlət və hökumət başçılarına təbriklərini çatdırmağı xahiş edib.