Bizi əmmamə kölgəsinə soxmayın!

bizi-emmame-kolgesine-soxmayin
Oxunma sayı: 2848

Vahid Qazi

“Namizədlər” silsiləsindən 1-ci yazı

Feysbuk açılandan bəri dost-tanışın sayı da çoxalıb, çeşidi də. Amma bu yazıda feysbuköncəsi iman əhli dostlardan biri haqda danışmaq istəyirəm. Birinci yazıda deputatlığa namizəd arxadaşlardan bəhs eləmişdim. Bu dostum da namizəddir, amma bu, bir başqa cür namizədlikdir. Tələsməyin, deyəcəm.
Uzun illər öncə onunla tanış olanda, söhbətlərini eşidəndə düşünmüşdüm ki, deyəsən, nəhayət bizim də Viktor Hüqonun Miriel Atası kimi ruhanimiz var. Bu illər boyu hörmətini saxlayıb, xətrini istəmişəm.
Hətta ölkənin ən nüfuzlu qəzetlərindən birinin saytından mənim “Səfəvi səfillər” adlı yazımı götürtməyə qüdrəti çatdığını sonralar təsadüfən biləndə belə onun mömin siması nəzərimdə dəyişməz qalmışdı. Fikrimdən “Yazını saytdan götürtmək yerinə, niyə cavab yazısı yazmırdı?” sayaq sual keçsə də.

***

Siz necə xatırlayırsınız, bilmirəm, uşaq vaxtı nənəm əlimdən tutub ilk dəfə məni məscidə aparanda qorxub ağlamışdım. Söz vaxtına çəkər, Məhərrəm ayı idi. İndi də üz cırıb zəngir vuran, baş yaran görəndə ətim ürpəşir. Hələ son zamanlar aləmi başına götürən kütləvi edam, daş-qalaq kadrlarını demirəm heç, baxanda saatlarla özümə gəlmirəm.

Təzəlikcə belə şeyləri görüb dindən bir başqa cür qorxmağa başlamışam. Əlli yaşı haxlamaqda olan biri qorxa bilməz, deyirsiniz? Qorxu yaşa baxmır ki!

Qorxu instinktə bağlı deyil. İnstinktə bağlı olan qeyri-şüuri hərəkətimizin adı hürkməkdi. Qorxu qidasını şüurdan alır. O gün bir video gördüm, körpə uşaq qalın şüşə dalında onu “cırmaqlayan” şirlə oynaşırdı. Qorxmurdu. Niyə? Çünki ağlı kəsmirdi.

Qorxu dərk ediləndə qorxu olur!

Tarixin müxtəlif qorxunc dönəmləri olub. Çox qədimə getməyim, elə bərilərdən deyim – faşizm, aparteid, kommunizm və sairə. Sonuncunun bizə vurduğu yaraları 25 ildi sadalayırıq, qurtarmır. Bəşər tarixinin ən qəddar rejimlərindən olub.

Amma onun bizim üçün bir tarixi xidməti var ki, danmaq olmaz. Bu da sekulyarlıqdı, yəni dünyəvilik. Dini xürafatın hökm sürdüyü cəmiyyəti dindən xeyli uzaq duran dünyəvi topluma çevirdi. Diktaturanı sekulyar prinsiplər üzərində qurdu. Amma “allahsızlıq knijkaları” paylasa da bizi allahsız edə bilmədi.

İndi başlamışıq allahsızlaşmağa, sözüm bunda deyil, bu başqa mövzudu.

Sözüm ondadı ki, dini cəhalət iri addımlarla geri qayıdır. Yaxın qonşuluqda baş verənlərin təsiri, kommunizmdən sonra dünyanın yeni bir kabusuna çevrilən islamizm bizdən yan keçmir. Heç kim “görmədim”, “eşitmədim” deməsin!

“Heç kim”lə işim yoxdu. Öz görüb-tanıdıqlarımdan yazım.

Evindəki televizoru “haramdı” deyib çölə atan bir qohumum övladının toyuna çağıranda getmədim. Musiqi, çalıb-oynamaq necə haram ola bilər? Sualıma ağlabatan cavab verə bilməmişdi.

Qonum-qonşuda, qohum-əqrəbada neçə qız-gəlini çarşabda görüb indi tanıyı bilmirəm.

20 ildi Qarabağdan qaçqın düşüb hələ də sərgərdan həyat yaşayan bir tanışımın bankdan kredit götürüb Məkkə ziyarətgahına getdiyini eşidəndə dərin kədərə daldım.

“İslamçılara qoşulan oğlum deyir ki, içdiyinə görə səni öldürsəm, qanın mənə halaldı”. Bunu bir soydaşımız başılovlu danışırdı. Oğlunu Avropaya xoşbəxtlik dalınca gətirmişdi, dini fanatizmin qurbanı olduğundan gec xəbər tutub.

“Əli və Nino” romanında məni təsirləndirən səhnələrdən biri də Aşura günü Əlinin sinə döyüb, baş yaran kütləyə qoşulması, ələlxüsus da bu səhnəni Ninonun görməsidir!

İndi Ninoları olmayan nə qədər Əliləri kütlə havasına xürafat izdihamına qoşulan görürəm.

Sekulyar avtoritarizm quruculuğunda tər tökmüşlərdən, məsələn, Zahid Oruc parlament seçkisinə indi dini şüarlarla gedir: “Dində mübarək Oruc, namizəddə Zahid Oruc”, “Sizə vəkil olmaq Allaha ibadət qədər gözəldir”.

Buyurun, gəlib çatdıq!

Bu gün parlamentin qapısını “döyən” şüar, sabah prezident kürsüsünə yol alacaq, birisi gün də konstitusiyaya dəyişiklik referendumu keçirəcək. Küçələrə axışıb inqilab bağırtısına dönəcəyini demirəm heç! Qorxumdan!

Yuxarıda söz açdığım dostum da namizəddi. Hələlik nə deputatlığa, nə də prezidentliyə. O, ölkəyə şəriət qanunlarını gətirmək istəyənlərin liderliyinə namizədlərdəndi. Bunu bütün dərimlə duyuram. Belə namizədlər indi xeyli çoxalıb.

Müsəlmanın “o gün”lərinin birində Misir parlamentinin müzakirəyə çıxardığı “vida seksi” haqda qanun layihəsi barədə türk kanalından bir süjet paylaşdım feysbukda. Xeyli vaxtdı ünsiyyətimiz kəsilən dostum inboksuma mesaj yazdı: “Dəyərli Vahid bəy, salam! Mən müsəlmanam! Sizə də hörmətim var. Nə isə problem yaranıb?”

O gündən bu sual düşündürür məni. Bu nədir? Məndən narahat qalan dostumun hal-əhval tutması, yoxsa “Sizə də böyük hörmətim var” nəvazişində gizlənən təhdid? Üç il əvvəl “Səfəvi səfillər” yazısına dözümsüzlüyü yadıma düşdü.

Bir-iki sual verəcəkdim. Bunu yazdı: “Üzrlü biliniz, mübahisə etmək həvəsim yoxdur”.

“Mən müsəlmanam!” deyən dəyərli dostumun xətrinə dəyən nə idi, bilmədim.

Misir parlamentində “vida seksi” adlı əcaib qanunla çıxış edənlər də, uşaqlara bomba sarıyıb ölümə göndərənlər də, hələ səmavi dinlərin göylərdən düşmədiyi zamanlarda bəşəri sivilizasiyaların yerdə yaratdığı inciləri – tarixi abidələri dağıdanlar da, İŞİD adında dövlət qurub kütləvi qətliamlar, zorlamalar edənlər də elədiklərini din adına edib “əsl müsəlman mənəm” deyir.

“Bunlar əsl İslam deyil” desəm riyakar olmarammı? Bəs hansıdı əsl İslam?

Nala-mıxa vurmağın adı yoxdur! Düzü budur – sizin tutduğunuz yol bizim məhvimizdi, Mirzə Fətəli, Zərdabi, Mirzə Cəlil, Sabir, Haqverdiyev və onlarla başqasının həyat riski bahasına yaratdığı milli sekulyar məfkurənin darmadağın edilməsidir. Mənim gördüyüm odur ki, ağır mənəvi böhran yaşayan cəmiyyətimizi siz də bir tərəfdən məhvə aparırsınız.

Vətəni ərəbin, farsın dini, milli, siyasi ideyasını daşıyan “əsl islam”ların poliqonuna çevirməyin! Azərbaycanın gələcəyini əmmamə kölgəsinə soxmayın!

Ölkəni iki pisin – sekulyar avtoritarizmlə teokratik diktatura seçimi qarşısında qoymayın! Yaxa qurtarmaq istədiyimiz kommunist buxovlar bizi daha 20 il, lap Kuba misalı 50 il geri qoyarsa, sizin təklif etdiyimiz ideya orta əsrlərin qaranlıq girdabına yuvarlayar!

Mənə dinin hakim olduğu bir dənə inkişaf etmiş cəmiyyət göstərə bilmərsiniz!

***

Kuba dedim, Santiaqo-de-Kuba şəhərində katolik kilsəsinin keşişi Xose Konrado ilə görüş yadıma düşdü. Söhbət zamanı onun intellektinə, müasir düşüncəsinə, ölkəsində baş verənlərə vicdanlı münasibətinə heyran qalmışdım. Sonra Krakovda “Demokratiyalar İcması”nın 10-cu ildönümünə həsr olunmuş konfransda Kuba kimi diktatura ölkəsində insan hüquqlarının yorulmaz müdafiəçisi, böyük azadlıq mücahidi kimi Hillari Klintonun əlindən xüsusi mükafat alarkən Konrado Atanı ayaq üstə alqışlamışdım.

Təzadlı, ağır sınaqlar dövrünü yaşayan hər cəmiyyətin zəkalı, mərhəmətli, vicdanlı din xadimlərinə ehtiyacı olur. Bəlkə də bu gün bizə belələri lazımdı.

Çox istərdim dostum elə əvvəlki imicində qalsın. Yazının başında söz saldığım Viktor Hüqonun başqa bir ruhani qəhrəmanı – keşiş Klod Frolloya çevrilməsin.

Azərbaycana sekulyar demokratiya arzusuyla!

2 Məhərrəm, 1437-ci il