ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham olunan Koul Allen məhkəmədə ona qarşı irəli sürülən bütün bəndlər üzrə özünü təqsirsiz hesab etdiyini bəyan edib.
“Qafqazinfo” “NewsNation” telekanalına istinadən xəbər verir ki, bu barədə məhkəmə prosesindən yayılan rəsmi məlumatda deyilir.
Bildirilir ki, 31 yaşlı K. Allen ona qarşı irəli sürülən ittihamların heç biri ilə razılaşmayıb.
Xatırladaq ki, hadisə aprelin 25-də Vaşinqtonda, Ağ Evin Müxbirlər Assosiasiyasının Trampın da iştirak etdiyi qəbulu zamanı baş verib. Belə ki, Kaliforniya ştatının Torrans şəhərindən olan silahlı şəxs binaya daxil olmağa çalışaraq atəş açıb. Nəticədə Məxfi Xidmətin bir əməkdaşı yaralanıb, hücum edən şəxs isə hadisə yerindəcə saxlanılıb. Prezident Donald Tramp insident zamanı xəsarət almayıb.
Prezident Tramp hadisədən sonra verdiyi açıqlamada Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffrisi sərt tənqid edib. O, Ceffrisin ritorikasının zorakılığa təşviq etdiyini və sui-qəsd cəhdinə rəvac verdiyini iddia edib.
Qeyd edək ki, bir müddət əvvəl bəzi ABŞ KİV-lərində sui-qəsd cəhdlərinin həqiqiliyinə dair şübhələrin olduğu barədə də xəbərlər yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər