“Onlar “nüvə tozu”nun təmizlənməsi üçün bizdən kömək istəyir” - Tramp

onlar-nuve-tozunun-temizlenmesi-ucun-bizden-komek-isteyir
Oxunma sayı: 475

ABŞ Prezidenti Donald Tramp İranla gərginlik fonunda “Azadlıq Layihəsi” (Project Freedom) hərbi əməliyyatının yenidən başladılacağını istisna etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox News” telekanalına müsahibəsində bildirib.

Trampın sözlərinə görə, bu dəfə plan daha genişmiqyaslı olacaq:

“Mən əməliyyatı yenidən başlatmağı nəzərdən keçirirəm. Lakin bu dəfə Hörmüz boğazında ABŞ gəmilərini müşayiət etmə planı daha geniş hərbi əməliyyatın yalnız bir hissəsi olacaq”.

Prezident eyni zamanda İranın maraqlı bir tələbi barədə də danışıb. Trampın iddiasına görə, rəsmi Tehran dağıdılmış nüvə obyektlərində qalan radioaktiv materialların – “nüvə tozu”nun təmizlənməsi üçün ABŞ-dən kömək istəyir:

“İranın danışıqçıları mənə deyirdi ki, ABŞ həmin yerlərdəki “nüvə tozu”nu yığmalıdır, çünki onların bunu çıxarmaq üçün lazımi texnologiyası yoxdur”.

Qeyd edək ki, sözügedən dəniz missiyası Hörmüz boğazında kommersiya gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı. Əməliyyat bir müddət əvvəl İranla diplomatik danışıqlarda əldə olunan irəliləyişlər fonunda, Pakistanın xahişi ilə müvəqqəti dayandırılmışdı.