Mayın 10-u Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri qatılıblar.
Əvvəlcə iştirakçılar İmişli şəhərində yerləşən Heydər Əliyev adına istirahət parkında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər güllər düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra İmişli Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının və məktəblilərin əl işlərindən ibarət açıq havada təşkil olunmuş rəsm sərgisi ilə tanış olunub, onların ifasında vətənpərvərlik ruhlu musiqi nömrələri səsləndirilib. Ardınca tədbirin rəsmi hissəsi Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində davam edib. Burada əvvəlcə Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki müstəsna rolundan, onun uzaqgörən və zəngin siyasi irsindən, müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən ətraflı bəhs ediblər. Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim edilib.
Günün ikinci yarısında tədbir geniş və maraqlı konsert proqramı ilə davam etdirilib. Konsertdə tanınmış incəsənət adamları tərəfindən Heydər Əliyev və müstəqil Azərbaycana həsr olunmuş vətənpərvərlik ruhlu musiqilər ifa olunub. Təqdim olunan çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.




Son xəbərlər
Son Xəbərlər