Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi

celilabadda-umummilli-liderin-anadan-olmasinin-103-cu-ildonumu-qeyd-edildi
Oxunma sayı: 212

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Millət vəkili Elman Nəsirov, aparat əməkdaşları, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə tər gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Cəlilabad rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən rəsm sərgisinə baxış keçiriblər.

Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbiri giriş sözü ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov açaraq zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, may ayının 10-u xalqımızın xilaskar oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Dünyada mənsub olduğu xalqların tarixində əbədi yaşamaq haqqı qazanmış nadir şəxsiyyətlər var ki, onlar həm öz ölkələrinə, həm də geniş mənada, bəşəriyyətə aid olan tarixi şəxsiyyətlərdir. Öz xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətləri ilə əbədiyyət qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev həm də dünya miqyasında qüdrətli liderlərindən biri kimi qəbul olunur. Bu gün cəsarətlə XX əsri Heydər Əliyev əsri adlandıra bilərik.  Azərbaycan xalqının XX əsrin ortalarından sonrakı tarixi taleyində mühüm rol oynayan Heydər Əliyev tarixin ən çətin və mürəkkəb ictimai-siyasi şəraitində mənsub olduğu xalqı zamanın qasırğalarından qoruyub çıxarmağı və irəli aparmağı bacarıb. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.

Rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirir.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Millət vəkili Elman Nəsirov çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin siyasi və idarəçilik fəaliyyətinin müstəsna yer tutduğunu bildirərək onun dövlətçilik səlnaməsində yaratdığı irsin öyrənilməsi üçün hələ uzun illər zamana ehtiyac olduğunu qeyd edib. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyevin həm birinci, həm də ikinci hakimiyyəti dövründə düşünülmüş və cəsarətli qərarları ilə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdiyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən, müxtəlif tarixi dönəmlərdə Azərbaycana rəhbərliyi, xilaskarlıq missiyasını yerinə yetirməklə yenicə elan etdiyi müstəqilliyini itirməkdə olan ölkəni fəlakətdən qurtarması barədə ətraflı məlumat verib.

Digər çıxış edənlər bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıblar.