““Kristal Zal”da görülən işlərə 2 milyon manat vəsait xərclənib” - Müsahibə

kristal-zalda-gorulen-islere-2-milyon-manat-vesait-xerclenib-musahibe
Oxunma sayı: 803


Bakcell şirkətinin Baş texniki direktoru Yigit Berktaş şirkətin son illərdə həyata keçirdiyi texnoloji yeniliklər haqqında müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, Y. Berktaş “Eurovision-2012” öncəsi Bakcell şəbəkəsinin genişlənməsi və inkişafından danışıb.


- Yigit bəy, Bakcell şirkətinin son bir il ərzində quraşdırdığı texnologiyalara yatırdığı sərmayələr barədə məlumat vermənizi istərdik.

- Bizim şirkət üçün nə qədər vəsait xərcləmək yox, həmin vəsaiti nəyə xərcləmək önəmlidir. Sərmayəni doğru istiqamətdə yatırmaq lazımdır. Biz son bir il ərzində şəbəkəyə qoyduğumuz sərmayə vasitəsilə Azərbaycanda hazırda ən yüksək texnologiyaya malik şirkətik. Bütün ana stansiyalarımız yenilənib. Stansiyalarımızın sayı ciddi şəkildə artıb. Bu il ərzində 70 milyon manata yaxın əlavə texniki sərmayə yatırmağı planlaşdırırıq. Bu, sadəcə bütün avadanlığımıza xərclənəcək vəsaitdir. Xüsusilə xidmətin keyfiyyətini artıran yatırımlara önəm veririk. Bina daxilində danışmaq keyfiyyətini artıra bilmək, eyni zamanda sürətlə inkişaf edən data və internet xidmətini təkmilləşdirmək üçün sərmayə yatırırıq. “Flame towers” otelində avadanlıqlarımızın quraşdırırlması hazırda Bakıdakı ən böyük sərmayələrimizdən biridir. Bir çox nəhəng tikilərdə əsas avadanlıqları Bakcell qurur və digər operatorlar da bu avadanlıqlardan istifadə edirlər. Bu layihələrə son 6 ayda 5 milyon manatdan artıq sərmayə yatırmışıq.

- “Eurovision-2012”nin keçiriləcəyi “Kristal Zal”dakı bütün rabitə avadanlıqlarını da Bakcell quraşdırıb. Bu işlərə nə qədər vəsait xərcləmisiniz?

- “Kristal Zal”da da əsas rabitə avadanlıqlarını biz qurmuşuq, digər operatorlar da ondan yararlanacaq. “Kristal Zal”da görülən işlərə 2 milyon manat vəsait xərcləmişik. Orada istifadə etdiyimiz sistemlər də dünyadakı ən müasir avadanlıqlardır. Bu sistemlər 30 mindən artıq insana ayni anda səs və internet xidmətindən istifadə etməyə imkan verəcək.

- Bakcell-in texnologiyası digər mobil operatorlarındından nə ilə fərqlənir?

- Bakcell-də istifadə olunan avadanlıqlar, ən son texnologilayara əsaslanır. Biz ötən il 2010-2011-ci illərin istehsalı olan avadanlıqlar quraşdırmışıq. Bölgədə Azərbaycana örnək ola biləcək operator görmürəm. Hər 6 ayda bir biz sistemimizi yeniləyirik. Ehtiyacın yaranmasını gözləmədən ən son texnologiyanı hazır vəziyyətə gətiririk.

- 4G-yə keçidlə bağlı məsələ nə yerdədir?

- 4G xidmətilə bağlı məsələ lisenziyanın verilməsinə bağlıdır. Bəziləri tez bir zamanda 4G xidməti vermək istəyirlər. Amma onlar 3G-yə də cox tez başlamışdılar, lakin keyfiyyəti müştərilərini qane etmədi.

- Amma Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilmişdi ki, operatorlar “Eurovision” ərəfəsində lisenziya olmadan da 4G-nin tətbiqinə başlaya bilər?

- Bu, şəhərin bəzi hissələrində, “Kristal Zall” ərazisində, “Fəvvarələr meydanı”nda mümkün ola bilər. Buna biz də hazırıq və başlaya bilərik. Amma biz 4G xidmətini istifadəyə vermək deyərkən bütün ölkəni 4G ilə təmin etməyi nəzərdə tuturuq.

- Bakcell-in 3G abunəçilərinin sayı hazırda nə qədərdir?

- Ümümilikdə Bakcell-in aktiv abunəçilərinin sayı 2.6 milyondan artıqdır. 1,7 milyondan artıq abunəçimiz isə 3G xidmətinə qoşulub.

- Bakcell-in baza stansiyalarının sayı neçəyə çatıb və onlardan neçəsi 3G və 4G-ni dəstəkləyir?

- Hazırda işlək vəziyyətdə olan stansiyalarımızın sayı 2300-dən artıqdır. 3G stansiyalarımızın sayı isə 800-ə yaxındır. Son üç həftə ərzində 3G vasitəsilə internet trafikin həcmi 30%-dən artıq artıb.

- Bakcell bəzi ucqar bölgələrdə yeni statnsiyalar quraşdırmağa başlamışdı. Bu proses davam edirmi?

- Bəli. Bir şeyi qeyd etmək istəyirəm ki, biz Bakcell-in şəbəkəsində yaranan problemləri 3%-ə salmışıq. Ucqar bölgələrdəki problem təkcə mobil operatorla bağlı deyil. Əsas problem elektrik enerjisilə bağlı olurdu ki, bunu da həll edirik. Bir çox baza stansiyalarımızsa sabit generatorlar quraşdırmışıq. Hətta bəzilərində günəş və külək enerjisilə çalışan sistemlər işə salınıb. Bu gün Bakcell-in baza stansiyalarını qurmadığı çox az sayda kəndlər qalıb ki, onların da əhalisinin sayı 100 nəfərdən çox deyil. Hazırda Bakcell Azərbaycan əhalisinin 99%-ni, işğal olunmuş ərazilər istisna olmaqla ərazinin 92%-ni əhatə edir.

- Siz Türkiyənin mobil rabitə şirkətlərində çalışmısınız. Türkiyə və Azərbaycan şirkətləri arasında hansı fərqi görürsünüz?

- Əmin edirəm ki, Azərbaycandakı mobil rabitə operatorları heç də digər ölkələrin operatorlarından geridə qalmır. Biz keyfiyyətə çox ciddi önəm veririk. Mobil telefonlar vasitəsilə həıyata keçirilən bəzi xidmətlər var ki, onları da yaxın vaxtlarda Azərbaycanda da gercəkləşəcəyinə əminəm.

Nigar Məmmədli