BP ƏMSSTQ sənədinin layihə variantını hazırladı

bp-emsstq-senedinin-layihe-variantini-hazirladi
Oxunma sayı: 2597

Azəri, Çıraq və Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi üzrə iş proqramı çərçivəsində Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırlanıb və dərc edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BP-nin məlumatında deyilir. 

AMŞ layihəsi AÇG müqavilə sahəsinin işlənməsinin növbəti mərhələsini əks etdirir. AMŞ üzrə ƏMSSTQ sənədində Azəri Mərkəzi Şərqi layihəsinin bütün fəaliyyətlərinin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılır və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir.

AMŞ layihəsinin aşağıdakılardan ibarət olması planlaşdırılır:

* Suyun təxminən 137 metr dərinliyində, Mərkəzi Azəri (MA) və Şərqi Azəri (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platforması;

* Üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastruktur;

* ŞA platformasından AMŞ platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabeli.

AMŞ layihəsinin ƏMSSTQ prosesinin ümumi məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək və minimuma endirmək, mümkün olduqda isə aradan qaldırmaqdır.

Məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəylərinin toplanması və sənədləşdirilməsi prosesi bu tərəflərin ümumi rəylərinin layihənin planlaşdırılmasında və ƏMSSTQ-də əks etdirilməsini təmin edir.

Azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi www.bp.com/caspian vebsaytında yerləşdirilib.

Bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib:

* BP-nin Bakıda yerləşən Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153

* Ümid qəsəbəsindəki orta məktəblər:

o Ümid qəsəbəsi 294 saylı tam orta məktəb
o Ümid qəsəbəsi Laçın rayon 7 saylı tam orta məktəb

* Səngəçal və Sahil qəsəbələrində yerləşən dövlət kitabxanaları:

o Səngəçal qəsəbəsi, Sabir küçəsi, Qaradağ rayonunun mərkəzləşdirilmiş kitabxana sisteminin 5 saylı filalı
o Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, Qaradağ rayonunun mərkəzləşdirilmiş kitabxana sisteminin 2 saylı filialı

* M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29

* Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31

* Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20

* Orxus Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: B. Ağayev küçəsi 100a

Bu sənədə dair rəy və təkliflər BP Azərbaycan şirkətinin tələblərə riayət və icazələr üzrə müşaviri Səadət Qaffarovaya ünvanlanmalıdır.

Əlaqə məlumatları:

Telefon: 012 599 4329 / 055 225 9013
 E-poçt ünvanı: [email protected]