Qaraçılar niyə millət, xalq ola bilmir?

qaracilar-niye-millet-xalq-ola-bilmir
Oxunma sayı: 11759

Bu gün Ümumdünya Qaraçılar günüdür. Bu barədə çoxu bilməsə də, demək olar hamımız bəzisinin yuxarıdan aşağı baxdığı bu adlı insanlarla qarşılaşıb. Hələ hərdən “qaraçı günündəsən”, “qaraçıya oxşayırsan” deyimlərini də istifadə edib də. Bu onlar haqqında hörmətsiz yanaşmanın nəticəsi olsa da, qaraçılar bir gün yığışıb özləri üçün xüsusi gün təyin ediblər və ən azı həmrəyliklərini nümayiş etdiriblər. Bu mühüm hadisə 1971-ci ildə Londunda baş verib. İlk beynəlxalq konqresində qaraçılar milli bayraqları olduqlarını bəyan ediblər. Həmin bayraqda araba təkərinin təsviri onların köçəri həyat tərzi sürmələrinə işarə edir.

Qaraçılar dünyaya səpələnmiş hind mənşəli etnik qrup olsa da, onlar əsasən Avropada çoxluq təşkil edirlər. Onların belə dağınıq olmasında bir çox səbəblər var.

Tarixi –etnoqrafik baxımdan qaraçılar dünyanın maraqlı etnik birliklərindəndir. İnsanlar onların haqqında falçı, oğru, evsiz-eşiksiz, küçədə böyüyüb-başa çatan kimi mənfi rəyə malik olsa da, araşdıranda tamam fərqli fikirlər ortaya çıxır.

Bizə qaraçıların tarixi haqqında Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun müasir etnoqrafiya şöbəsinin müdiri, tarix elmləri namizədi Emil Kərimov məlumat verır. Emil müəllim zaman-zaman qaraçılar haqqında maraqlı araşdırmalar aparıb və Azərbaycanda bu etnik qrupun sürdüyü həyat tərzi ilə yaxından tanış olub. Etnoqrafın sözlərinə görə, qaraçılar eramızın birinci minilliyinin sonlarında Hindistandan çıxaraq Ön Asiyaya, xüsusən İrana üz tutublar. Oradan isə Avropaya, Qafqaza yayılmağa başlayıblar. Bu insanlar haqqında ilk dəfə alman alimi Qrelman fikir söyləyib. Alim 1783-cü ildə onların hind mənşəli olduğunu göstərib. XİX əsrin 40-cı illərində alman alimi A.Pott isə onların hind dili qrupuna məxsusluğunu sübut edib. Qaraçılar haqqıında araşdırmaların çoxu rus alimlərinə məxsusdur. Məşhur rus qafqazşünası N.Zeydlits tədqiqat əsərində qaraçıların Azərbaycana gəlişi barədə yazırdı: “Qaraçılar 1877-ci ildə Quba və Göyçay qəzalarında köç salmışdılar. Göyçayın “Potu” bazarında onlara rast gəlmək olardı. Onlar öz musiqi və rəqsləri ilə Azərbaycan toylarını şənləndirir, həm də özlərinə pul qazanırdılar.” Digər rus şərqşünası N.Patkanov(1887-ci il) da vaxtiylə öz qeydlərində Naxçıvan, Göyçay, Quba və Qaxda qaraçıların yaşadığını bildirirdi.
Qaraçılar özlərinə çox vaxt “misirli “də deyirlər . Elə indi də Macarıstan, Yunanıstanda da onlara “firon tayfası”, “firon övladları”da deyirlər. Qaraçılar Avropaya ilk dəfə 1417-ci ildə gəlmiş, Yunanıstanın “kiçik Misir”deyilən yerdə məskunlaşmışlar. Qaraçılar da özlərini müxtəlif ölkələrdə müxtəlif çür adlandırırlar. Qərbdə ən çox rom(roman) adı ilə məşhurdurlar. Fransada, İspaniyada qitanos, İtaliyada sinqari, Türkiyədə çıngənə, İranda lülü adı ilə tanınırlar. Rusiyada “çıqan” adı ilə məşhur olan bu etnik qruplar 1501-çü ildən başlayaraq bu ölkəyə gəliblər. Müxtəlif mənbələrdə, qaraçıların Avropaya gəlişi İstanbulun fəthi ilə yanaşı baş verdiyi qeyd olunur. Azərbaycana gəlişi isə Şah Abbasın köçürmə siyasəti(Balakənə) ilə baş tutub. Müsahibim Emil Kərimov da hazırda qaraçıların ən çox Qax(“Güllük” və “Qapıçay”kəndlərində) və Balakən zonasında çoxluq təşkil etdiyini bildirir. Balakəndə olan qaraçılar farsdillidirlər. Həmçinin hazırda Xaçmazda“Qaraçı” kəndi, Ağdaşda “Qaraçılar”məhəlləsi var. Bu qaraçılar maldarlıqla məşğul olur və normal kənd həyat tərzi sürürlər.
Dünyada qaraçıların ümumi sayı haqqında dəqiq rəqəmlər göstərilmir. Bu da onların daim köçəri həyat tərzi sürməsi və çox ölkədə onların qeydiyyata alınmamasıdır. Bu onların böyük hissəsinin rəsmi sənədi olmadan yaşamasıyla əlaqədardır.
Amma yenə də onların sayı təxminən dünyada 3- 8 milyon arasında dəyişir. Ən çox ABŞ-ın Texas ştatında 1 milyona yaxın qaraçının yaşadığı göstərilir. Braziliyada 678 min, Ruminyada 535 min, Rusiyada 210 mindən çox qaraçının yaşadığı bildirilir. Hazırda MDB –də ümumilikdə 300 minə yaxın qaraçının yaşadığı faktı da yayılıb. Bütün dünyada olduğu kimi, Azərbaycan da da qaraçıların statistikasında dəqiqlik yoxdur. Onların ilk gəlişi I Şah Abbasın köçürmə siyasəti ilə baş versə də, ötən əsrin 60-70-ci illərində Qazaxıstandan kütləvi şəkildə gəldiyi məlumdur. Onların sayı zamanla dəyişıb. Elə sonuncu əhalinin qeydiyyata alınması prosesində onlar hasaba alınmayıb. Başqa sözlə, “havada qalan” bu təbəqə daxili miqrant olduğundan qeydiyyata düşməyib. Amma yenə də onların 10 minə yaxın olduğu fikri irəli sürülür.

Xalq ola bilməsələr də, milyonçu ola bilirlər

Qaraçılar niyə xalq, millət ola bilmir? Bu insanların əsrlər boyu köçəri, dağınıq həyat tərzi onların dövlət qurmasına mane olub. Əslində bu qəbildən olanların siyasətlə, hakimiyyət qurmaqla araları belə olmayıb. Buna baxmayaraq onların ailələrində “kiçik dövlət”lər öz işini görür. Qaraçılar bütün dünyanın onların vətəni olduğunu deyirlər. Getdikləri ölkənin dinini qəbul edirlər. İslam ölkəsində müsəlman, digər ölkələrdə katolik ya provaslav olurlar. Öz dilləri roman dili (hindmənşəli) olsa da, məskən saldıqları yerin dilin də mənimsəyirlər. Amma öz adət-ənənələrini dəyişmək kimi fikirləri olmur. Məsələn, qaraçı adətinə görə, onların qızı yalnız qaraçı oğlanla evlənə bilər. Bu onların ali qanunlarından biridir.

Qaraçılar haqqında çox insan alçaldıcı fikirlər söyləyə bilər. Amma bu etnik qrupun özünə görə mədəniyyəti, zəngin musiqisi, maraqlı adət-ənənələri var. Qaraçı musiqisi dünyada şohrət tapan musuqi janrıdır ki, onun da öz fanatları var. Avropa ölkələri qaraçılardan çox xüsusiyyətlər götürüblər. Misal üçün, məşhur “Flaminqo” rəqsinin müəllifi qaraçılardır. Onlar haqqında çəkilmiş gözəl ekran əsərləri“Budulayın qayıdışı”, “Yeseniya”, bizim “Qaraca qız” filmi bu gün də sevilir. Brazilyanın məşhur seriallarında da qaraçı həyat tərzi çox vaxt qabarıq təbliğ olunur. Yeri gəlmişkən, britaniyali komik usta, səssiz filmin qəhrəmanı Çarli Çaplinin də qaraçı olduğu artıq təsdiqlənib. Bu onun dayısı oğlu Cek Hillin məktubu ortaya çıxan zaman məlum olub. Sən demə, bu aktor İngiltərənin parklarının birində dünyaya gəlib, həmin o küçə həyatı yaşayan ailədən çıxıb. Kino, teatrdan söz düşmüşkən, dünyada ən böyük qaraçı teatrı Moskvada yerləşir. “Romen”adlı teatrın repertuarı daim təzələnir.

Hazırda dünyada qaraçıları məşhur edən onların musiqi və rəqsindən sonra falıdır. Bu falçıların çox vaxt həqiqətə yaxın məlumatlar əldə etməsi maraq doğurur. Amma onların müştərilərini hipnoz edərək soymaları da diqqətdən qaçmır. Bu fırıldaq sənətə baxmayaraq onların arasında milyonlar qazananlar, milyonçuya çevrilənlər də var. Ümumiyyətlə, dünyada qaraçılar haqqında “yoxsul” kəlməsinin istifadəsi yerində deyil. Avropada elə qaraçı baronları var ki, onların yaşadığı evlər, malikanələrin qiyməti milyonlarla avroyla ölçülür. Vaxtiylə “ kral” titulu ilə məşhur olan qaraçı milyonçusu Ruminyada yaşamış İon Çoabe(1997-ci ildə ölüb)olub. Hazırda onun oğlu Florian Çoabedir ki, bu milyonçunun da illik gəlirinin rəsmi olaraq 70-80 milyon avro olduğu bildirilir. Diğər qaraçı milyonçusu Kosovada yaşayan Nəcməddin Nəsirin illik gəliri isə 100 milyon avro ilə ölçülür. Qaraçıların siyasətlə məşğul olması fikri çoxuna qəribə gəlsə də, hazırda Avropada qaraçı qanını daşıyan siyasətçilər var. Türkiyənin nazır müavinlərinin, Ruminiyanın baş nazırınin qaraçı olduğu iddiaları da gündəmdədir.

Hitlerin və Sarkozinin ortaq nöqtəsi:qaraçıya nifrət

Qaraçılar Avropada məskən saldıqdan sonra onlar zaman-zaman təqiblərə məruz qalıblar. Bu onların pul qazanmaq üçün ən asan yolları-oğurluğu, qarəti, fala baxmağı secmələri ilə əlaqəli olub. Hələ XVI-cı əsrdə bir çox ölkədə onların adət-ənənəsini unutmaq şərtiylə yaşaması əmr olunmuşdu, 1710-cu ildə Praqada qaraçı kişilərin edamı haqqında fərman verilmişdi. Ən böyük antiqaraçı siyasəti isə 1941-44-cü illərdə Adolf Hitler tərəfindən yeridilib. Faşizmin lideri ikinci dünya müharibəsində yəhudilərlə yanaşı qaraçıların da kütləvi güllələnməsi və edamını reallaşdırmışdı. Həmin soyqırım zamanı 1, 5 milyon yəhudi və qaraçının qırıldığı bildirilir. Sonuncu qaraçılara qarşı tədbirlər yaxın keçmişdə Fransada(2010-cu ildə) Nikolay Sarkozinin aldığı qərarla 100-lərlə qaraçı başqa ölkələrə deportasıya olundu. Prezident bunu onların kütləvi qarəti ilə izah edirdi. Bolqarıstanda da 2011-ci ildə antiqaraçı dalğası əsdi. Bu narazıçılığa səbəb isə bolqar qadınını qaraçı baronun maşını ilə öldürməsi idi.

Amma yenə də bu etnosa diqqət çəkmək üçün 2010-cu ildə Avropa Şurası Strazburqda maraqlı proqrama start verdi. Təşkilatın “Qaraçı”Proqramına görə, 1000-ə qədər qaraçı seçilib onlara təhsil verilməli, onları öz etnik qrupunun vəkillərinə çevirməli idi. Vəkillərin missiyası qaraçıları mümkün qədər təhsilə cəlb etmək olmalıydı. Proqramın nəticəsi hələlik açıqlanmır.

Bir də dünyanın yeganə “Qaraçışünaslıq”İnstitutu var ki, o da yenə Fransada yerləşir. Sarkosinin gözü bu etnik qrupu götürməsə belə, o fəaliyyətdədir. Əslində insan hüquqlarıyla bağlı təşkilatların çoxu Fransada yerləşməsinə baxmayaraq, Fransa hələ ki insana məhəbbət sahəsində “gözümüzə girəcək” bir iş ortaya qoymayıb.

Raminə Eyvazqızı