Vurğun Əyyub Arif Hacılıya qarşı

vurgun-eyyub-arif-haciliya-qarsi-
Oxunma sayı: 648

Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində çalışan Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub “Media forum” saytına müsahibəsində partiyanın növəbti qurultayı və sədrliyə namizədlər məsələsindən danışıb.
“Növbəti qurultayın keçirilməsi o deməkdir ki, Müsavata yeni başqan seçiləcək. Bəziləri bundan çox narahatdır. Amma mən narahatlığa əsas görmürəm. Çünki Müsavat Partiyası strukturlaşmış, uzun illərin təcrübəsinə və zəngin tarixə malik təşkilatdır. Müsavat başqanı partiyada sonsuz səlahiyyətlərə malik deyil. Ona görə də partiya başqanının dəyişməsi ilə Müsavatda hansısa kəskin dönüşlərin olacağını güman etmirəm.
Ola bilər ki, seçkinin nəticələrindən kimlərsə narazı qalsın. Amma məhz İsa Qəmbərin partiyanın başqanlığından getməsinin Müsavatda hansısa dağıdıcı prosesə təkan verəcəyi haqda narahatlıqları bölüşmürəm. İsa Qəmbər Müsavatdan getmir və partiyanın işində fəal iştirak edəcək”, - deyə V.Əyyub bildirib.
Özünün Azərbaycana qayıdıb Müsavat başqanlığına namizəd ola biləcəyinə dair suala cavabında V.Əyyub deyib ki, dostlarından Müsavat başqanlığına namizəd olmaq təklifləri alır və onun özü də bu barədə düşünür: “Fevral ayında Qafqaz Universitetində tətildir. Tətil zamanı Bakıya qayıdacam. Dostlarla birlikdə vəziyyəti dəyərləndirəcəm. Başqanlığa namizəd olub-olmamaqla bağlı son qərarımı Bakıda verəcəm. Əgər başqanlığa namizəd olmaq qərarı versəm, seçkidə iştirak edəcəm. Namizəd olmasam, digər bir namizədi dəstəkləyəcəm”.
Özü namizəd olmasa, kimi dəstəkləyəcəyinə gəlincə, V.Əyyub ad çəkməyib. “Hələlik müdafiə edəcəyim namizədin adını çəkmək istəmirəm. Çünki bu məsələ hələ rəsmiləşməyib. Həmin şəxs özü rəsmən namizədliyini irəli sürdükdən sonra mən də mövqeyimi açıqlayacam və bütün tərəfdarlarımı ona səs verməyə çağıracam. Amma hələlik yekun qərarım yoxdur”, - deyə o, bildirib.
“Həbsdə olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı başqanlığa namizəd olacağını açıqlayıb. Siz isə deyirsiz ki, müdafiə edəcəyiniz şəxs namizədliyini açıqlamayıb. Niyə Arif Hacılını dəstəkləmirsiz və onun başqan seçilmək şansını necə qiymətləndirirsiz?”.
Bu suala V.Əyyubun cavabı belə olub: “Mən bu barədə bir söz demək istəmirəm. Allah Arif bəyin qapısını açsın. Arif Hacılı Müsavatda zəhməti olan bir adamdır. İndi ona qarşı çox böyük haqsızlıq edilib, həbsə atılıb. Bu, hakimiyyətin Arif Hacılıya qarşı yol verdiyi ikinci ciddi ədalətsizlikdir. İkinci dəfədir onu qanunsuz olaraq həbs edirlər.
Amma mən hesab edirəm ki, Müsavata başqa bir tip və xarakterdə olan şəxs rəhbərlik etməlidir. Həmin namizədi mən özüm üçün müəyyənləşdirmişəm. İndi yalnız onu deyə bilərəm ki, həmin şəxs namizədliyini irəli sürmək niyyətindədir”.

azadliq.info