Dini radikalizmə həsr olunan seminar keçirilib

dini-radikalizme-hesr-olunan-seminar-kecirilib
Oxunma sayı: 1209

Nizami Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizə yolları” mövzusunda seminar-müşavirə keçirib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, müşavirədə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycanda dini radikalizmə qarşı mübarizənin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu qeyd edib. Dini-radikalizmin din və cihad pərdəsi altında təşkilatlandığını və öz güclərini artırmaq məqsədilə tərəfdarlar toplamaqla təbliğat işlərini daha da intensivləşdirdiklərini söyləyən A.Qasımov aparılan təbliğatın çıxılmaz burulğanına bəzi zəif iradəli, maddi mənafeyi üstün tutan gənclərimizin də düşdüyünü vurğulayıb və əsas məqsədin bu neqativ halların qarşısının alınması üçün birgə fəaliyyət göstərmək, yeniyetmə-gənclərimizi sağlam həyat tərzi mühitində tərbiyə etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında dini radikalizmi doğuran səbəblərdən, radikalizmlə mübarizədə maarifləndirmə işinin əhəmiyyətindən, dini radikallığa meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolundan danışıb. 

Müşavirədə səslənən çıxışlarda həmçinin gənclərin düzgün istiqamətləndirilməsi, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi və sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirilməsində bütün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.