“Eurovision”la əlaqədar “Həftəlik Bakı” fotolayihəsi həyata keçirilir

eurovisionla-elaqedar-heftelik-baki-fotolayihesi-heyata-kecirilir
Oxunma sayı: 638

Trend-in çərşənbə günü "Eurovision 2012"-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, mahnı müsabiqəsinin builki ev sahibi olan Bakının maraqlı görüntülərini müsabiqənin eurovision.tv rəsmi internet saytında görmək mümkündür. Səhifədə Bakı şəhərinin sosial-mədəni həyatı ilə bağlı silsilə fotoreportajlar verilir.

"Eurovision 2012" mahnı müsabiqəsinin işçi qrupunun hazırladığı "Həftəlik Bakı" layihəsi çərçivəsində eurovision.tv saytında paytaxtın mədəni həyatında baş verən əsas hadisələrdən fotolar yerləşdirilir. Layihəyə artıq üç həftədir start verilib.

Növbəti həftəlik fotolar arasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından, ÜNS Teatrının səhnəsindəki tamaşalardan, həmçinin, "Eurovision 2012"-nin açar təqdimetmə və püşkatma mərasimindən fotolar var.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.