Gənclər təşkilatlarının sərgisi keçiriləcək

gencler-teskilatlarinin-sergisi-kecirilecek
Oxunma sayı: 639

İteca Caspian-dan “Qafqazinfo”ya verilən məlumata görə, sərgidə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 80-dək gənclər təşkilatının fəaliyyəti nümayiş olunacaq. Sərgiyə gələn ziyarətçilər bu təşkilatlar tərəfindən ölkəmizin sosial-iqtisadi, elmi və mədəni inkişafına yönəldilmiş layihələrlə, gənclərin dövlətin və cəmiyyətin iqtisadi-ictimai və mədəni həyatında fəal iştirakı ilə bilavasitə tanış ola biləcəklər. Gənclərin maarifləndirilməsi, bilik və bacarıqlarının və intelektual səviyyələrinin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlər ətrafında bir araya gəlməsi, lider olaraq formalaşması, beynəlxalq gənclər platformalarına inteqrasiyası və s. aktual sahələri əhatə edəcək iştirakçılar öz layihələri haqqında geniş məlumat təqdim edəcəklər. Gənclər bu təşkilatlar və layihələrdə iştirak etmək yollarını öyrənəcək və daha fəal olmaq üçün gözəl imkan əldə edəcəklər.

Sərgidə iş adamları üçün gənclər təşkilatları ilə birgə layihələrin müzakirəsi, həyata keçirilən proqramlarda müxtəlif formada iştirak, maliyyələşdirmə və sponsorluq kimi əməkdaşlıq imkanları üçün şərait yaradılacaq.

Gənclər təşkilatlarının IV Respublika sərgisi 1-ci Azərbaycan beynəlxalq “İdman, idman ləvazimatı və geyimi” (“SportExpo-2012”) sərgisi ilə eyni meydançada keçiriləcək. Bu debüt sərgi idman sənayesinin 50-dən çox dövlət və özəl təşkilatlarını, həmçinin Azərbaycanın idman federasiyaları və klublarını öz meydançasında bir araya gətirməklə yanaşı, sərgidə iştirak edən idman təşkilatlarının məhsul və xidmətləri ilə tanış olmağınız üçün də şərait yaradacaq.

Sərgini ziyarət etmək üçün “Bakı Ekspo” mərkəzinə ödənişsiz olaraq aparıb-gətirən avtobuslar xidmət göstərəcək.

Sərginin işgüzar proqramına tədbirin bütün iş günlərində təşkil olunacaq müxtəlif seminarlar, təqdimatlar, təlim kursları, intellektual oyunlar və s. da daxildir.