“Gürcü qadınları daha ehtiraslı olur” - Azərbaycanlı yazar

gurcu-qadinlari-daha-ehtirasli-olur-azerbaycanli-yazar
Oxunma sayı: 1978



Ayxan Ayvaz... Bu imzayla tanışlığımın qəribə tarixçəsi var. Bir yazar dostuma zəng etmişdim. Dəstəyin o başından gələn səs məni çox təəccübləndirmişdi. Yazar dostum uşaq kimi ağlayırdı. Səbəbini soruşanda vaxtsız itirdiyimiz yazıçı Ayvaz Əlləzoğlunun faciəvi vəfatı ilə bağlı çəkilmiş “Alın Yazısı” proqramını izlədiyini dedi. Sonra mən də sözü gedən verilişin videoyazısını izlədim. Ayvaz bəyin oğlunun bu qədər faciəvi taleyə rəğmən özünü çox dəyanətli və məğrur aparması məndə dərin bir ehtiram oyatdı. Ayxanın özünün də yazı yazdığını eşidəndə yazıçı evində böyüyən gənc yazarın əsərləri ilə maraqlandım. Hekayələrində fərqli xarakterlər, xəfif yumor, esselərində Azərbaycan cəmiyyətinin naqisliklərinə protest diqqətimi cəlb etdi. Daha sonra Ayxanla öncə virtualda, sonra real həyatda dostlaşdıq. Onunla müsahibəmiz 31 dekabrda - Həmrəylik Günündə baş tutdu. Biz də iki azərbaycanlı gənc bir süfrə arxasında əyləşib söhbətləşib-dərdləşdik. Onunla etdiyimiz söhbəti sizə təqdim edirik.

- Ayxan, Çingiz Aytmatovun bir sözü var: "Uşaqlığım mənim vətənimdir". Bəs səndə necədir, Yazılarında uşaqlıq xatirələrin nə qədər yer alır?
- Dünya ədəbiyyatında uşaqlıqla bağlı yazılan çox az sayda əsər adı çəkmək olar. Uşaqlıq illəri yaradıcı adam üçün nə qədər diqqətdə olsa da, onu yazmaq bir o qədər çətindir. Mənə elə gəlir, bizim yaddaşımızı, yaradıcı yaddaşımızı formalaşdıran uşaqlığımızdır. Yazılarımda uşaqlıqla bağlı müəyyən məqamların yaranması da həmin yaddaşın məhsuludur. Uşaqlıq hara gəldi atəş açmaq, heç nəyin umrunda olmamaq, dünyayla hesablaşmamaqdır. Azad olduğumuzu hiss elədiyimiz yeganə yer, yeganə vətən uşaqlığımızdır. Məncə, yaradıcılıq da öz uşaqlığına, azad olduğun yerə qayıtmaqla əlaqəlidir.

- Bəs, uşaqlığın xoş yoxsa, acı xatirələrlə yadda qalıb?
- Mənim uşaqlığım Tiflisdə keçib. İki il Tiflisdə yaşamışıq, daha sonra kənddə böyümüşük və ikinci sinifdə Bakıya gəlmişəm. Yəni uşaqlıqda belə deyək acı xatirəm olmayıb. Uşaqlığımın, azad olduğum yerin adı Tiflis şəhəridir. Ona görə də mən Bakıdan daha çox, Tiflisdə özümü rahat hiss edirəm. Tiflisin hər küçəsində, hər parkında ora-bura qaçan, dünyanı vecinə almayan bir uşaqla qarşılaşıram. O uşaq çox xoşbəxt idi...

- Bir xeyli vaxtdır ki, Azərbaycanda seksual inqilab, seksual maariflənmənin vacibliyini qeyd edən, bunun uğrunda mübarizə aparan yazarlar var. Seymur Baycan, Günel Mövlud, Aqşin Yenisey və digər adını çəkmədiklərim buna misal ola bilər. Sən gələnəklərə bağlı bölgədənsən. Bəs sən bu barədə nə düşünürsən?
- Seksual inqilab Azərbaycanda gərəkli məsələdir. Bu bariyeri keçmək lazımdır. Demokratik düşüncənin cəmiyyətdə yaranması üçün seksual inqilab ilkin şərtdir. Kompleksləri, çərçivələri olan düşüncə məhvə məhkum olur. Biz hazırda bu etapı keçsək o zaman dünyaya çıxmağı bacara bilərik. Ancaq dünyaya çıxmaq üçün kriteriya bu deyil. Seksual inqilab cəmiyyəti azad düşüncəyə sürükləyəcək. Dünyaya çıxmaq üçün özün olmağı bacarmaqdır lazımdır.

- Özü olmağı necə izah edərdin?
- Mənim demək istədiyim, ənənələri unutmamaqdır. Əslində hər bir ədəbiyyat öz ənnənəsi ilə mövcuddur. Məsələn, Yapon ədəbiyyatı Kavabatayla, Misimayla, Murakamiylə yapon düşüncəsini ifadə etdilər. Onlar Avropaya Yapon ənnənəsini tanıtdılar, təsdiq etdirdilər. Bizim ədəbiyyat, mədəniyyət də öz ənənəsiylə Avropaya, dünyaya maraqlıdır. Məsələn, sazı götürək. Saz bizim düşüncəmizin, təfəkkürümüzün formasıdır, mədəniyyətimizin atributudur. Dünya bizi artıq bu cür tanımaq istəyir. Onların qabağına balalaykayla çıxa bilmərik ki!? (gülür.)

- Bu yaxınlarda Milli Məclisdə Elmira Axundova belə bir təklif irəli sürmüşdü ki, məktəblərdə maariflənmə aparılsın və uşaqlara cinsi tərbiyyə dərsləri verilsin. Ədəbiyyat tərbiyyəni müəyyənləşdirirmi, yazılarında buna diqqət edirsənmi? Həm də bir gənc kimi necə düşünürsən, cəmiyyətimizdə daha sərbəst mühit lazımdırmı?
- Əlbəttə ki. Həm ədəbiyyatda həm də cəmiyyətdə azad düşüncə olmalıdır. Kompleksiz. Mən heç vaxt yazılarımda çərçivəyə salmamışam özümü. Nəyi yazmaq istəmişəm, onu da bacardığım qədər yazmışam. Ədəbiyyatda öz gücünü müəyyənləşdirmək asan deyil. Çalışdığım qədər ağırlığının altına girə biləcəyim mövzulardan yapışmışam. Mən harda olduğumu yaxşı bilirəm və oranı yazıram. Mənə elə gəlir, yazıçının cəmiyyəti düzəltmək deyə bir missiyası yoxdu.

- Bəs bunu yazarlar, sənət adamları etməsə kim edəcək? Axı həmişə göz önündə olan da onlardır, şüuraltına təsiri edən də. Həkim, müəllim, hüquqşünaslar yox.
- Cəmiyyəti düzəltmək üçün nə qədər yazıçı, şair öz canını qurban verib.Toplumu da nəzərə almaq lazımdır. Mənə elə gəlir,bizdə bu mümkünsüzdür. Dünyada seçilmiş xalqlar var. Bizim xalq bunlara daxil deyil. Mirzə Cəlil, Sabir, Əli bəy Hüseynzadə, daha kimlər-kimlər bu xalqın da o seçilmişlərə daxil olması üçün çox çalışdılar. Ancaq bir məsələ var, bizim xalq bu cür yaranıb, xarakteri, içi, dünyaya baxışı budur. Bəlkə də Tanrı lənətləyib. Əgər siz düşünürsünüz ki, Tanrı bizə də bir Viktor Hüqo göndərəcək və hər şey həll olunacaq, mən şəxsən inanmıram. Yüz illiklər keçdi, amma hələ dəyişən yoxdu. Hələ də Mirzə Cəlilin yazdıqlarını təkrarlayırıqsa demək, Kefli İsgəndərə inanmayan çoxdu, hələ də Xudayar bəy var. Bu cür yazıları müxtəlif mətbuat orqanlarında yazmışam. Sonra anlamışam ki, yazmaqla həll olunmur. Mənə elə gəlir, cəmiyyət o baryeri öz-özünə keçməlidir. Məsələn, mən gürcüləri çox yaxşı tanıyıram, uşaqlıqdan onlarla iç-içə yaşamışam. Saakaşvili hakimiyyətə gələndən demokratik ab-hava yaratdı. Amma gürcülərlə söhbətdə məlum olur ki, onlar cəmiyyət olaraq hələ də eynidirlər. Yəni, sistem dəyişsə də, cəmiyyət hələ də eyni vəziyyətdə qalır.

- Bayaq təxminən qeyd etdin ki, toplumu da nəzərə almaq lazımdır… Ayxanın xüsusi bir oxucu kütləsi var , yoxsa toplum üçün yazır ?
- Yazanda oxucunu fikirləşmirəm. Yazdığım hər hansı hekayə -o mənim dünyamı əks etdirir- mənə aiddir. Bitirəndən sonra o artıq mənim deyil. O istənilən bir oxucunundur.

- Yazıçı evində böyümüsən. Səncə yaxşı yazıçı olmaq üçün insana əsas nə lazımdır?
- Yaxşı yazıçı… Markesin bir sözü var: "Yazıçının inqilabi borcu yaxşı yazmaqdır " Bu cür düşüncə ilə heç vaxt nəsə yaza bilməzsən, yaxşı yaza bilməzsən. Bir insanın düşdüyü situasiyada necə hərəkət eləyəcəyini əvvəlcədən bilə-bilməzsən. O insan həmin məqamda ya yanlış olur, ya doğru. İnsan atdığı ilk addımın yaxşı ya pis olduğunu müəyyənləşdirə bilmədiyi kimi yazıçı da yazdığı əsərin yazı prosesində alınıb-alınmadığını bilə bilməz. Bunu müəyyənləşdirmək olmur. Bir də görürsən elə yazı yazıram ki, bunu oxucu çox yüksək qiymətləndirir, amma yazarkən mən o qədər də önəmsəməmişəm. Bəzən də elə yazım olur ki, mənim üçün güclü yazılarım cərgəsinə girir, amma oxucu ona bir o qədər dəyər vermir və ya anlamır. Yaxşı yazıçı olmaq üçün mütaliə vacibdir. Bəzi gənc yazarlar elə düşünür ki, 99 faiz istedad 1 faiz mütaliə olmalıdır. Amma məncə tam əksinədir. Poeziya isə bir az mübahisəli məsələdir, ola bilər mütaliəsiz də yaxşı şeir yazılsın.

- Bir az şablon və pafoslu səslənəcək, ilham pərisi filan, bu sarıdan soruşmuram, sadəcə maraqlıdır, hər qələmi götürəndə yaza bilərsən, yoxsa xüsusi bir ovqatmı lazımdır?
- Əlbəttə, ovqata düşməlisən, o ovqatı da yaratmaq üçün həyatını olduğu kimi yaşamalısan . Mən heç vaxt yazı yazanda müəyyənləşdirməmişəm ki, bu kitabı oxumalıyam, bu işi etməliyəm, bu qədər insanla söhbət etməliyəm, yəni, o ovqatı formalaşdırmaq üçün heç nə etməmişəm . Olduğun kimi yaşayıb həmin ovqatın formalaşmasını, səni gəlib tapmasını gözləməlisən. O zaman yaxşı bir şey ortalığa çıxarmaq olar. Bir də görürsən deyirlər ki, yazıçı hər gün yazmalıdır. Mən bu fikirlə heç razı deyiləm. O zaman yazı heç nə ifadə etməz. Bir də ağ kağızlara heyifdi... (gülür.)

- Rus dili üzrə təhsil alırsan. Mənə maraqlıdır, sənin üçün rus ədəbiyyatının 5 tanrısı kimlərdir?
- Bəzən zarafatla dostlara deyirəm ki, mən rusca düşünən, azərbaycanca yazan yazıçıyam. (gülür.) Rus ədəbiyyatı digərlərindən bir qat yuxarıdadır. Gələk, tanrılara. Birinci M.Qorkidir. Sonra Dostoyevski, Puşkin, Tolstoy, Qoqol. Bunlar rus ədəbiyyatının tanrılarıdır. Mənə elə gəlir ki, əgər rus ədəbiyyatında bu beş tanrı olmasaydı ,onlardan sonrakı dövrlərdə Y.Kazakov, Rasputin, K.Paustovski, A.Platonov, İ. Bunin, Şukşin, V.Pelevin, V.Sorokin,
S.Dovlatov olmayacaqdı. Biri var o zirvəni görüb ədəbiyyata gələsən, biri də var tanrı məktəbi keçəsən. Bizim ədəbiyyatın tanrısı yoxdur, peyğəmbərləri var.

- Mən Markesi və Kafkanı oxuyanda onların arasında bir yaxınlıq hiss etmişdim.Sonralar gördüm ki, Markes özü də bu bağlılıq barədə danışıbmış. Səndə necə? Fərqi yoxdur, istər öz ədəbiyyatımızdan, istərsə də xarici ədəbiyyatdan... Oxuyandan sonra xüsusi bir dəyişiklik olubmu yazılarında, ya hardasa təsirlənmisənmi?
- Selinceri oxuyandan sonra bir roman yazmışdım. Romanı oxuyub bitirdikdə gördüm ki, bu Selincerdir. Mən həmişə təsirdən qaçmağa çalışıram. Fərqi yoxdur, istər Qoqolu, istər Dostoyevskini oxuduqdan sonra təsirlənib bir yazı yazırsansa o yazı sənin deyil, o Qoqoldur, o Dostoyevskidir. Orhan Pamuk müsahibələrinin birində belə deyir: “Mən təsirlənmirəm, oğurlayıram”. Yazıçı olmaq üçün oğurlamağı bacarmalısan.

- Təfərruata varmaq istəmirəm. Ancaq hamımız bilirik ki, sən vaxtından tez valideynlərini itirmisən. Yaşadığın psixoloji sarsıntılar, travmalar bir yana, bir yazıçı kimi sənə nə qazandırdı bu?
- Əslinə qalsa mən indi-indi yazıçılığa gəlirəm . Son hekayələrimə baxanda fikir verirəm ki,əslində yazıçılıq bu imiş. O tale məni yazıçı olmağa vadar etdi. Hətta belə kobud desək itələdi. Yəni ki, başqa bir variant yox idi. Bəzi adamlar soruşur ki əgər bu hadisələr olmasaydı yazmağa davam edəcəkdin ?

- Davam edərdin?
- Mənə elə gəlir, ilişərdim. Çünki əvvəlki yazılarımla indi yazdıqlarım arasında fərq böyükdür. Əvvəlki yazılarım “biri vardı, biri yox” səviyyəsindəydi. İndi isə nə yazdığımı yaxşı anlayıram. Əgər həmin hadisələr olmasaydı, yenə yazardım, amma indiki kimi olmazdım.

-Püxtələşmək üçün bir sarsıntı mütləqdir yəni ?
-Mütləq. Mənim bir yazım da var: " Yaradıcı əzabı ", orda bunu izah etmişəm. Tale məsələsi mütləqdir. Belinskinin bir sözü var, deyir "böyük yazıçının həyatı yox, taleyi olur". Bütün böyük yazarların həyatında sarsıntılar olub. Yaradıcılıq əzab növüdür. Düşünün ki, Məhəmməd peyğəmbərə vəhy gələndə o necə dəhşətli əzab çəkirdi. Yaradıcı adamın əzabı da onun bir parçasıdır.

- Yazıçılar Birliyi mətbuatda tez-tez tənqidlərə məruz qalır. Bəs sən bu haqda nə düşünürsən? Üzvü olduğun təşkilatın sənə münasibətindən razısanmı?
- Sonuncu dəfə Yazıçılar Birliyinə nə zaman getdiyimi xatırlamıram. (gülür.) Təzə yazmağa başlayanda AYO-çuların mənə təsiri oldu. Onlar ədəbiyyatımızda önəmli yer tutacaqlar, buna inanıram. Çünki belə bir dalğaya o zaman ehtiyac vardı. AYB-yə gələndə, orada yaxşı imzalar var, istedadlı insanlar var, sadəcə olaraq, sistem yerində deyil. Ona görə də bu təşkilatın üzvü olsam da, heç vaxt AYB-çi olmamışam. - AYB-nin ev siyahısında sənin də adın var. Ancaq hələ bununla bağlı bir xəbər yoxdu. Buna görə şikayətçi deyilsən? - Mən gözəl bir həyat xəyal etmirəm. Yazıçı xoşbəxt olmağa can atdısa o yazıçı olmayacaq . İnan ki, ev problemi və s. həll olsa da mən xoşbəxt ola bilməyəcəm. Bizim xoşbəxtlik anlayışımız başqadır. Qaldı ki, AYB-nin ev bölgüsünə, bu siyahıya mən də daxiləm. Əslində bu, atamın adına yazılıb. O, rəhmətə getdiyi üçün, vasitəçi kimi siyahıda mənim adım qeyd olunub. Belə də ki, ev probleminin hələki həll olacağına inamım yoxdur. 20 yaşım var, buna görə heç kədərlənmirəm də. Qocalana qədər evi olacağını gözləyənlər olub. Mən hələ cavanam. Özü də mənim üçün şəraiti yaxşı olan evi olmaq önəmli deyil.

- Müxtəlif saytlarda köşələrlə çıxış edirsən. Bu bədii yaradıcılığına mənfi təsir etmir ki?
- Doğrudur, təsiri var. Köşədə bir hekayə detalını yazırsan, halbuki o hekayə ola bilər. Yəni, yaza biləcəyin hekayə köşənin badına gedir. Arxayınlıqla sən onu daha sanballı yaza bilərsən, amma bir dəfə yazıldıqdan sonra təzədən o hekayəyə qayıda bilmirsən. Son vaxtlar köşələrdə yazdığım epizodları hekayə olaraq işləyirəm. Bu üsulu tapdığım üçün xoşbəxtəm. (gülür.)

- Dostoyevski "Dünyanı gözəllik xilas edəcək" deyirdi. Sevgi də gözəlliyin bir adıdır. Səncə, Azərbaycan gəncliyi necə, sevə bilirmi?
- Azərbaycan cəmiyyəti təkcə sevgidə yox, hər şeydə cılız, xırda görünür. Təfəkkür saxtadır. Dostluğu da, sevgisi də bunun üzərində qurulub. İctimai yerlərdə Azərbaycan gəncləri özlərini hay-küylə yadda qalan etmək istəyirlər. Gürcülər isə belə deyillər. Gürcü qadınları çox diqqətcildir, onlar daha ehtiraslı və sevgiyə inamlı olurlar. Amma bizdə sevgi çərçivəyə salınıb, məsələn evlənmək kimi.

- Bunun elə başlıca səbəbi mental düşüncələr deyilmi ?
- Sözsüz o da var. Biz fərd olaraq da bütov deyilik. Ata-ana təzyiqi, despotu var. Bu təzyiqdən bir gənc bəzən nə bir qıza sevgisini etiraf edə bilmir, nə də bir qız onu sevən sevdiyi oğlanla bu təzyiqlər səbəbi ilə normal münasibət qura bilmir. Ona görə də bizdə demokratik ailə sistemi yoxdur. Ailə başçısı var, ətrafdakıların basqısı var, qohum-qonşu tənəsi var... Azərbaycan gənci öz fikrindən çox ətrafdakıların fikrinə görə həyatını qurur və sonda bədbəxt olur. Bədbəxtliklərinin səbəbi isə öz fikrinin olmamasıdır, varsa belə tətbiq edəcək cəsarətdə olmamalarıdır .

- Bəs Ayxan necə? Öz dahiyanə sevgisini yaşayıbmı? Dahiyanə deyərkən, yəni, yalnız xoşbəxt və xoş xatirələrlə yadda qalan sevgini nəzərdə tutmuram. Bu dəqiqə elə düşünürsənmi ki, o sevgidən böyük sevgin olmayacaq əziyyətli və unutmayacağın sevgini yaşamısanmı ?
- Yox elə bir düşüncəm olmayıb. Mənimçün sevgi bitməyən bir şeydir, sevginin yaş həddi yoxdur. Nazim Hikmət 60 yaşında da sevmişdi. Hüseyin Arifin sözüdür də, deyir, "Əsas hislər qocalmasın". Görünüş qocala bilər, qəlbin qocalmasın. Sevgi dinamikadır, bizi həyatda saxlayan məvhumdur. Sevgi olmasa nə yaradıcılıq önəmlidir, nə həyat, nə məişət və s . Sevgi olmasa məhv olarıq!

- Sonda təşəkkür edirəm, bu bayram günü vaxt ayırdın. Bundan sonra həyatında hər şey gözəllik və xoşbəxtliklə asossasiya olunsun. Amma bu yaradıcılığına nə qədər müsbət təsir edəcək bir arzu oldu bilmirəm.
– Sağ ol! Bütün arzular gözəldir... (gülür.)

Söhbətləşdi: Aybəniz Alızadə