“İcra haqqında” qanuna Konstitusiya Məhkəməsi şərh verdi - Olduğu kimi saxlanılmalıdır

icra-haqqinda-qanuna-konstitusiya-mehkemesi-serh-verdi
Oxunma sayı: 2329

Konstitusiya Məhkəməsi Plenumu Apellyasiya Məhkəməsinin “İcra haqqında” qanunun 20-ci maddəsinin şərh edilməsi ilə bağlı xahişinə cavab verib. “Qafqazinfo” xəbər verir ki,  Apellyasiya Məhkəməsi müraciətində bildirib ki, “İcra haqqında” Qanunun 20-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən icra sənədi üzrə icraata xitam verilməsinin yeni qaydası müəyyən olunub. Bu qaydaya görə, icra sənədi üzrə icraata xitam verilməsi icra məmurunun səlahiyyətlərinə aid edilib.

“İcra haqqında” Qanunun 20.5-ci maddəsində göstərilir ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.

Həmin maddədə nəzərdə tutulan “müvafiq məhkəmə” ifadəsinin təcrübədə qeyri-müəyyənlik yaratdığı qeyd edilib. Belə ki, “İcra haqqında” Qanuna edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından verilmiş şikayətlərə inzibati-iqtisadi və ya ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən baxılmalı olması məsələsi məhkəmələr arasında fikir müxtəlifliyinə səbəb olur.

 Plenumum qərara alıb ki, “İcra haqqında” qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.

İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.