Jurnalistlər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə tanış olublar - Fotolar

Jurnalistlər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə tanış olublar - <font color=red>Fotolar</font>
Oxunma sayı: 1477

“Qafqazinfo”nun məlumatına görə, jurnalistlər ümumi sahəsi 2500 kv.m, 5 mərtəbəli binada yerləşən Mərkəzin şöbələrilə, Müşahidə otağı ilə tanış olublar. Bildirilib ki, bütün proseslərin baş verdiyi Müşahidə otağının nəzdində VİP Müşahidə otağı yaradılıb ki, dövlət başçısı istənilən vaxt gəlib burada paytaxt küçələrini müşahidə edə bilər.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev deyib ki, otaqda quraşdırılan paytaxtdakı küçə və dayanacaqları əks etdirən monitor həcminə görə dünyada ən böyük monitordur: “Onun hündürlüyü 5 metr, eni isə 24 metr olmaqla sahəsi 120 kv.m bərabərdir. Serverlər Mərkəzin əməliyyat bazasını təşkil edir. Birinci mərhələ tətbiq edilmiş 4066 avadanlığın 1612 ədədi küçə və prospektlərdə, 2096 ədədi avtobuslarda, mərkəzi sistemdə 378 avadanlıq quraşdırılıb. Onların tərkibi 181 server, 18 şəbəkə bloku, 73 operator avadanlığı, 100 ofis idaretmə avadanlığı və dünyada ən iritutumlu 6 UPS-dan ibarətdir. Bunların mərkəzlə birləşdirilməsi üçün 450 km elektrik və 320 km kiberoptik kabel xətləri çəkilir. Sistem avadanlığının funksional baxımından birgə fəaliyyətinin nizamlanması prosesi 2012-ci ilin ortalarınadək davam edəcək. 2015-ci ilədək nəqliyyatın intellektual idarəetmə sistemi bütün Azərbaycanı əhatə edəcək. Planda dəmir yolu, hava nəqliyyatına nəzarət də var. Bu ay ölkəmizdə keçiriləcək “Eurovision” ərəfəsində bir çox küçə və prospektlərdə yaşıl dalğa tətbiq olunacaq. Artıq Mərkəzi Bankın qarşısındakı küçədə bu sistem tətbiq olunub”.
Jurnalistlərə Nəqliyatın İntelektual İdarəetmə Mərkəzində yeni yaradılan Televiziya və Radio Studiyası barədə də məlumat verilib. Mərkəzin Texniki istehsalat direktoru İbrahim Əliyev deyib ki, bu ilin sonunadək studiyadan radioyayım həyata keçiriləcək. Bu radio vasitəsilə nəqliyyat barədə məlumatlar veriləcək: “Hazırda radionun fəaliyyət göstərməsi üçün texniki işlər aparılır. Radio yayımına sürücülər də qoşula bilər, burada sms vasitəsi ilə fikirlərini bildirə bələrlər, həm də Bakı küçələrində müşahidə olunan tıxaclar barədə məlumatlandırılacaqlar. Mərkəzdə gələcəkdə televiziya yayımı da planlaşdırılır”.
İ. Əliyev onu da əlavə edib ki, yaxın vaxtlarda ictimai nəqliyyatda vahid ödəmə kart sistemi tətbiq olunacaq. Bu iş ilin sonunadək başa çatdırılacaq. Bu kartlardan həm avtobusda, taksidə, metroda istifadə olunacaq. Həmçinin ödəmə zamanı bankların plastik kartlarından da istifadə ediləcək.
Qeyd edək ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən Bakıda 664 dayanacaq, 326 avtomatik idarə olunan müşahidə kameraları quraşdırılıb. Paytaxtda gün ərzində avtobuslarla 1,6 milyon sərnişin daşınır. Şəhərdaxili 99, şəhərxarici də daxil olmaqla ümumilikdə 117 ədəd avtobus sərnişinlərə xidmət göstərir.
Xatırladaq ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ölkə prezidentinin 26 oktyabr 2007-ci il sərəncamına əsasən yaradılıb.
Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi