“Lotu Quli”nin yaxın adamı azadlığa buraxıldı

lotu-qulinin-yaxin-adami-azadliga-buraxildi
Oxunma sayı: 4102

Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Emil Xəlilova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E.Xəlilovun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun işinə xitam verilib. E.Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, E.Xəlilov həm də dövlətə pul “atmaq”da ittiham edilir. O, rəhbərlik etdiyi şirkətlərlə dövlətin “Azərbaqqaliyə” TTK orqanı arasında müqavilə bağlayıb və ölkəyə şəkər tozu gətirəcəyini vəd edib. Lakin dövlət onun şirkətlərinə pulu köçürdükdən sonra vədinə əməl etməyərək dövlətin bir neçə milyon manat pulunu mənimsəyib. 

“İnterpol” tərəfindən axtarışda olan E.Xəlilov 2018-ci ilin avqust ayında Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib. 

E.Xəlilov “Lotu Quli”nin yaxın köməkçisi kimi tanınıb. Onun kriminal aləm üzvləri ilə yaxınlığını saxlanıldığı zaman Ukraynanın baş nazirinin müavini Yevgeni Yenin də təsdiqləyib. 

Yenin o zaman mətbuata açıqlamasında bildirmişdi ki, azərbaycanlı narkobaron Ukraynada saxta sənədlərlə yaşayıb və Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. E.Xəlilov saxlanılmadan bir müddət əvvəl oğru aləmində ad alıb.

Murad Əhməd