Nağıl bilməyən nənələr...

nagil-bilmeyen-neneler
Oxunma sayı: 1805

Seymur Verdizadə

Uşaqlar yaxşı vərdişləri valideynlərindən öyrənirlər. Amma bu, o demək deyil ki, Anar dünyaya göz açanda atasının əlində kitab görməsəydi, yazıçı olmayacaqdı. Demək istədiyim odur ki, Anar kitabların arasında böyüdüyü üçün dünya ədəbiyyatının inciləri ilə hələ erkən yaşlarında tanış olmaq imkanı qazanıb.

Məncə, Azərbaycanda mövcud olan tərbiyə üsulu müasir tələblərə cavab vermir. Bir neçə gündür ki, Lev Tolstoyun “Anna Karenina” əsərini təkrar nəzərdən keçirirəm. Beşinci fəsildə bir məqam diqqətimi cəlb etdi: Aleksey Aleksandroviç dərsini bilməyən oğlunu cəzalandıraraq, ona parkda gəzməyi qadağan edir. Bizdə isə çox vaxt bunun əksi baş verir. İstirahət deyəndə valideynlərin əksəriyyətinin ağlına parkda gəzmək gəlir. Uşaqları ilə birlikdə gəzməyə çıxan ata-analar ən azı bir kiloqram tum çırtlamamış geri qayıtmırlar. Cüzi donluq alan süpürgəçilər bu cür “mədəni” valideynlərin yerə atdıqları zibili təmizləməkdən cana yığılıblar.

İki gündür ki, ölkəmizdə bayram tətili başlayıb. Dost-tanış arasında sorğu keçirib, bayram günlərində övladları ilə bağlı hansı planlarının olduğunu soruşdum. Məlum oldu ki, respondentlərin yarısından çoxu övladlarının bayram günlərini mənalı keçirmələri üçün heç bir plan qurmayıb. Qohumlarımdan biri uşaqlarını Novruz şənliyinə, digəri isə zooparka aparmaq niyyətində olduğunu dedi. Hamının xəsis adam kimi xarakterizə etdiyi bir tanışım isə uşaqları ilə birlikdə alış-verişə getməyə hazırlaşdıqlarını bildirdi.

Parkda gəzmək də, zooparka getmək də, alış-veriş etmək də yaxşı işdir. Amma bunu həyat tərzinə çevirmək olmaz. İki dəfə parka, üç dəfə zooparka gedəndə bir dəfə də kinoya, teatra, muzeyə, sərgi salonuna getmək lazımdır. Uşaqların dünyagörüşünün formalaşmasında mədəniyyətin, ədəbiyyatın, incəsənətin böyük rolu var. Hətta kiçik xərclə də buna nail olmaq mümkündür. Yaxşı nümunələri təbliğ etməyin tərəfdarı olduğum üçün qeyri-təvazökarlıqda ittiham edilməkdən çəkinməyib yazıram: 4-cü sinif şagirdi olan qızıma Novruz bayramı münasibətilə Ernest Heminqueyin “Qoca və dəniz” əsərini hədiyyə etdim. Bu cür situasiyalarda maddiyyatı bəhanə edən adamların nəzərinə çatdırmaq istəyirəm ki, həmin kitabın qiyməti baha deyil, Bakıdakı mağazalardan onu cəmi 2 manata almaq mümkündür.

Bəlkə də hardasa valideynləri başa düşmək olar. Onların çoxu gəncdir, həyatı hələ yaxşı dərk etmirlər. Bəs babalar, nənələr? Onlar niyə nəvə-nəticələrinin yaxşı təhsil almasının qeydinə qalmırlar? Babam mən uşaq olanda rəhmətə getdiyi üçün onu çətinliklə xatırlayıram. Amma nənəm çox yaşadığına görə biz uzun illər ünsiyyətdə ola bildik. Rəhmətlik yazı-pozu bilmirdi, pulu tanımırdı. Lakin dünyagörmüş arvad idi, tükü-tükdən seçirdi. Biz uşaq olanda nənəm hər gecə nağıl danışardı. Yadıma gəlmir ki, o, bir nağılı ikinci dəfə danışsın. Bizim elmə, təhsilə maraq göstərməyimizdə valideynlərimizlə yanaşı, Qaragöz nənəmizin də böyük rolu olub. İndiki nənələrin isə çoxu nağıl bilmir. Qırx iki yaşlı qadın tanıyıram ki, iki nəvəsi var. Qızların erkən ərə getməsinin bir fəsadı da budur...

Babalar haqda isə danışmağa dəyməz. Bəzi adamlar elə bilirlər ki, təqaüdə çıxmaqla səhərdən axşama kimi parkda gəzmək hüququ əldə edirlər. Bu mənzərə bizim məhəlləmiz üçün xarakterikdir: yaz və yay aylarında səhər bir dəstə ağsaqqalı ağacların altında qoyub işə gedirəm. Axşam qayıdanda onları yenə həmin yerdə görürəm; yarısı zər cütləyir, yarısı da domino daşlarını masaya çırpır. Uzun yay günlərinin bir-iki saatını nəvə-nəticəsinə ayırmaq heç kimin ağlına gəlmir...