Premyer liqada derbilər həftəsi

premyer-liqada-derbiler-heftesi
Oxunma sayı: 656

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Peşəkar Futbol Liqasının rəsmi internet saytı bu dəfə də turun cütlərinin əvvəlki çempionatlardakı oyunlarının balansını təqdim edib. Tur tarixə malik paytaxt və Qərb derbiləri ilə əlamətdar olacaq. “Turan” və “Kəpəz” 38, “Neftçi” və “Bakı” isə 37-ci dəfə münasibətlərini aydınlaşdıracaq.

31-ci tur

“Xəzər Lənkəran” (Lənkəran) - “Qəbələ” (Qəbələ)
+10=2-3, top fərqi – 25:11
16-cı dəfə üz-üzə gələn komandaların oyunlarında “Xəzər Lənkəran” aşkar üstünlüyə malikdir. Öz meydanında isə ardıcıl 4 oyundur qalib gələn cənublular “Qəbələ”nin Lənkəranda xal qazanmasına 1098 gündür imkan vermir.

“Qarabağ” (Ağdam) – “İnter” (Bakı)
+12=9-9, top fərqi – 30:21
Mükafatlar uğrunda mübarizə aparan rəqiblər 31-ci dəfə üz-üzə gələcək. Əvvəlki oyunlarda daha üstün olan “Qarabağ” son 6 matçda rəqibinə uduzmayıb. “İnter”in son qələbəsindən 602 gün keçib. Bakılılar səfərdə son 3 matçda uduzub və 6 matç, yəni 1651 gündür qələbə qazanmır.

“Bakı” (Bakı) - “Neftçi” (Bakı)
+7=7-23, top fərqi – 28:57
“Neftçi” 512 gündür nə “Bakı”ya uduzur, nə də xal verir. Son 5 oyunda istisnasız qalib gələn “ağ-qaralar” paytaxt derbilərində “Bakı” ilə müqayisədə 3 dəfədən də artıq qələbə qazanıb. Bu üstünlük top nisbəində ikiqat fərqdən də çox hiss olunur.

“Kəpəz” (Gəncə) - “Turan” (Tovuz)
+12=9-17, top fərqi – 47:44
39-cu Qərb derbisinə qonaqlar üstünlüklə çıxacaq. Cari mövsümdə rəqibinə uduzmayan “Turan” səfər sindromu ilə üz-üzədir. Belə ki, 2824 gün, yəni son 4 oyunda Gəncədə meydan sahibləri uduzmur.

“Simurq” (Zaqatala) - “Rəvan” (Bakı)
+0=3-0, top fərqi – 2:2
Cəmi 3-cü dəfə qarşılaşan rəqiblərin oyunlarında ənənəvi olaraq heç-heçə qeydə alınır. Təsnifat mərhələsində rəqiblər qollu bərabərliklə ayrılıbsa, final mərhələsində azarkeşlər qol da görməyib.

“Sumqayıt” (Sumqayıt) - AZAL (Bakı)
+1=1-1, top fərqi – 6:8
4-cü duelə qədər hər 2 komanda bütün duellərdə qol sevinci yaşayıb. Qonaqların qalib gəlmədiyi görüşlərdə AZAL yalnız top fərqində üstündür.