Prezident seçkilərinin nəticələri təsdiq edildi - Yenilənib

prezident-seckilerinin-neticeleri-tesdiq-edildi
Oxunma sayı: 5472

2018–ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, iclası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açıq elan edib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki prosesi ilə bağlı məlumat verir. 

Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər. S.Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

R.Qvaladze isə seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirib və seçki nəticəsinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.

İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. M.Pənahov namizədlərə yaradılmış şərait, həmçinin ödənişsiz efir vaxtının, həmçinin qəzetlərdə yer ayrılmasını qeyd edib.

MSK sədri deyib ki, seçkilərin azad, demokrat və şəffaf şəkildə keçirilməsi üçün MSK tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb.

MSK sədri bildirib ki, seçkilərdə 8 namizəd qeydə alınıb və seçki prosesi zamanı bütün namizədlər üçün bərabər şərait yaradılıb. M.Pənahov vurğulayıb ki, seçkilər seçicilərin fəal iştirakı ilə baş tutub. O bildirib ki, səsvermə günü baş verən proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm veb kameraların vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb.

Çıxışlardan sonra plenum fasiləyə ayrılıb.

***

Fasilədən sonra KM sədri Fərhad Abdullayev çıxış edərək nəticələri açıqlayıb və Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiq edib. F.Abdullayev bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.

F.Abdullayev qərarı elan edərkən bildirib ki, Konstitusiya Məhkəməsi Plenumu maraqlı tərəflərin iştirakı ilə Azərbaycan Konstitusiyasına müvafiq olaraq daxil olan protokolda olan məlumatları ümumiləşdirərək yoxlayıb.

Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolunun Seçki Məcəlləsinin müddəalarına uyğun gəlir. İlham Əliyev səslərin 86,02 faizini topladığı üçün prezident elan edilib.

Qərar elan olunduqdan sonra iclas himnin səsləndirilməsi ilə başa çatıb

Günel Türksoy